Tanınmış təhsil eksperti Kamran Əsədov Bakıda məktəbdə “Məsti Xumar” mahnısını oynayan müəllimin görüntüsünə münasibət bildirib.
Unikal.org xəbər verir ki, Kamran Əsədov facebook səhifəsində bu sözləri qeyd edib:
"Sosial şəbəkələrdə və saytlarda müəllim həmkarımızın dərs vaxtı olmayan, amma tədris prosesi ilə bağlı fəaliyyətini yerinə yetirərkən musiqi sədaları altında rəqs etməsinin video görüntüləri yayılıb. Dostlar, təəssüflər olsun ki, son proseslər müəllim ətrafında xoş olmayan imic yaradıb. Misal üçün, seçkilərdə topa bülleten atma, Neftçala RTŞ-nın müdirinin rüşvət alma və verməsi, hələ 8 mart gəlməmiş pul yığımı və sairi insanları haqlı olaraq qıcıqlandırıb".
Kamran Əsədov hesab edib ki, amma dostlar, bu video görüntüdə əslində diqqəti cəlb edən müəllimin haqlı üsyanıdır:
"Bunu müəllim olmayanlar bilməz, anlamaz, başa düşməz. Bilirsiz bir il ərzində müəllim dərs dediyi sinifdə nə qədər KSQ,BSQ, formativ , diaqnostik imtahan keçirir və yoxlayır? Özü də bunu ödənişsiz olaraq edir. Deyəcəksiniz ki, müəllim buna görə əmək haqqı alır. Xeyr, müəllim dediyi dərsə görə əmək haqqı alır. O məktəbdaxili qiymətləndirmə işlərinə görə pul almır. Özü də bunu 1 və ya 2 dəfə 5-10 şagirdə etmir. O testləri hazırlamaq, yoxlamaq, qiymətləndirmək, jurnala yazmaq nə qədər vaxt, əsəb, maddi və mənəvi itiki hesabına başa gəlir.
Düzdür, Təhsil nazirliyi hələ bu KSQ-BSQ-ləri müəyyən qədər sadələşdirib.
Amma çıxış yolu bu deyil. Nə qədər ki, vahid KSQ-BSQ bazası olmayacaq, biz hələ çox "oynayan" müəllim görəcəyik. Cənablar, müəllim sinifdə şagirdlər qarşısında oynamayıb. Hətta bunu etsə belə, burada qəbahət yoxdur. Misal üçün mən, BDU-da dərs deyəndə auditoriyada XVIII-XIX əsr mədəniyyəti mövzusunda saz gətirib dınqıldatmışam (ifa etməyi bilmədiyim üçün). Mən çox sevinirəm ki, belə pozitiv müəllimlərimiz var. Nə qədər çətin olsa da, ətrafına neqativ saçmayan müəllimimiz var. Siz topa bülleten atan və arsız - arsız kameraya "kişnəyən" və " donquldayan"larla bunu eyniləşdirməyin".