1980-ci ildə anadan olan Gülşən Qədimova (ad şərtidir) kasıb ailənin xoşbəxt qızı olub. Ailədə dörd bacı bir qardaş olublar. Atası sürücü işlədiyi üçün maddi vəziyyətləri yaxşı olmayıb. Bu səbəbdən də uşaqlar orta təhsil ala bilməyiblər. Gülşən yaxşı oxusa da, yeddinci sinifdən sonra təhsilini yarımçıq qoyub. Ondan sonra evdə anasına kömək edib. Evin ən böyük uşağı isə güc-bəla ilə 11-ci sinfi bitirib.
Unikal.org oxu.az-a istinadən xəbər verir ki, yolu sığınacaqlara düşən daha bir qadının acınacaqlı həyat hekayəsini təqdim edir:
Anaların qızlarına etdiyi ən gözəl dualardan biri “Allah bəxtini gözəl etsin” demələridir. Lakin Gülşənin anasının bu duası sanki qəbul olmayıb. Onun ailə həyatında bəxti gətirməyib. Anasının təkidi ilə üç dəfə ailə həyatı quran Gülşən iki uşaq anası olsa da, ailəsinin xanımı ola bilməyib:
“Anam dedi ki, sənə geyim alacaq, doyunca yemək yeyəcəksən...”
“Ailəmiz çox kasıb olub. Anam çörək sexində çalışırdı, atam isə avtobus sürücüsü idi. İmkanımız yaxşı olmasa da, mehriban yaşayırdıq. Atam bizim üçün gecəsini gündüzünə qatıb pul qazanırdı. Amma beş uşağın hər biri üçün daim təzə paltar almaq asan deyildi. Dörd bacı bir-birimizin köhnə geyimləri ilə keçinirdik. İmkanımız çatmadığı üçün təhsil ala bilmədik. Böyük bacım 11-ci sinfi bitirdi, mən yeddinci sinfə qədər oxudum. O biri bacılarım və qardaşım isə orta məktəbi oxuya bilmədilər. Amma biz evdə birlikdə hər şeyin öhdəsindən gəlirdik.
Bir gün anam mənə dedi ki, səni evləndirmək istəyirəm. İşlədiyi yerdə bir qadın anamdan soruşub ki, qızı niyə evləndirmirsən? Ailə qursun, həm özünə, həm də sizə baxsın. İmkanlı bir ailə oğlunu evləndirmək istəyirdi. Həmin ailənin imkanı yaxşı olsa da, oğlunun bir qolu olmadığı üçün heç kim qızını ona vermirdi. Uşaq vaxtı xəsarət aldığı üçün qolu amputasiya edilmişdi. Anam mənə dedi ki, bala sənə paltar ala bilmirik, ayağında ayaqqabın yoxdur. Bir qarnı ac, bir qarnı tox yatırıq. Oğlanın bir qolu yoxdur, amma yaxşı ailədir. Sənə hər istədiyini alacaqlar. Doyunca yemək yeyəcəksən. Mən də razılaşdım. Oğlan mənə dedi ki, bu sonuncu qapıdır elçi gedirəm, xahiş edirəm sən də “yox” demə, hər şey yaxşı olacaq. 23 yaşımda onunla ailə qurdum. Çox gözəl ailə idilər. Baldızlarım məni əl üstündə saxlayırdı. Onunla altı il evli olduq. Amma övladımız olmadı. Ərimi o halı ilə qəbul etmişdim, amma ailəsi mənə şərt kəsdi. Ailənin yeganə övladı idi. Qayınanam dedi ki, süni mayalanma ilə övlad sahibi olun, oğlumun bir yadigarı olsun. Bütün var-dövlətim sizin olsun. Övladımızın olmasını mən də istəyirdim, amma süni mayalanma yolu ilə ana olmağa razı olmadım. Problem məndə yox, oğlanda idi. Qayınanam da şərt qoydu ki, ya uşağınız olsun, ya da ayrılın. Altı ay evdə bu problemlə bağlı söz-söhbət davam etdi. Sonra isə mehriban şəkildə ayrıldıq. Mən atamın evinə qayıtdım”.
Rayon yerində bu kimi hallar çox söz-söhbətə səbəb olur. Gülşən ata evinə qayıtdıqdan sonra hər şeyin daha da çətin olduğunu deyir. Bu söz-söhbətlərə görə, qısa bir müddət sonra anası onun ikinci dəfə də ailə qurmasını istəyib:
“Bətnimdə körpəm ilə məni evdən qovdu”
“İkinci ailə həyatı qurmağım da anamın istəyi ilə olub. Qonşumuzun vasitəsi ilə bir kişi ilə tanış oldum. O da bir dəfə evli olmuşdu, üç oğlu vardı. Mənim vəziyyətimi bilirdi. Evlənmək istədiyini dedi. Ailəm də razılıq verdi və evləndik. Səkkiz ay o evdə gəlin oldum. Bir gün hamilə olduğumu öyrəndim. Çox sevinmişdim. Sevincim uşağın cinsiyyəti bəlli olana qədər sürdü. Yoldaşım qız olduğunu biləndə uşağı da, məni də istəmədiyini dedi. Mən dörd aylıq hamilə olanda boşandıq. Ərim qız övladı istəmədiyini dedi. Çox çətin günlər yaşadım. Qızım dünyaya gələndən sonra məni xəstəxanadan atam və qardaşım çıxardı. Bu mənə çox pis təsir etdi. Ərim heç qızını görməyə də gəlmədi. Amma bu gün qızını çox istəyir. Kaş belə davranmazdı, ailəmizi dağıtmazdı. Bəlkə mən də bədbəxt olmazdım”.
Gülşən qızı ilə həyatına davam edəcəyini düşünsə də, həyat onu növbəti dəfə sınağa çəkir. Beləliklə, Gülşən ikinci ərindən də ayrılır. Anasının təkidi ilə üçüncü dəfə ailə quran Gülşən deyir ki, cəhənnəm əzabını bu dünyada yaşayır.
“Üçüncü yoldaşım məni o qədər döyürdü ki, özümdən gedirdim”
“Qucağımda körpə qızımla ata evində qalırdım. Anam deyirdi ki, özümüzə yemək tapa bilmirik, bu körpəyə necə baxacaqsan. Onsuz da ürəyim partlayırdı, anam da belə sözlər deyərək, qolumu-qanadımı lap qırırdı. Rayonumuzda sinif yoldaşımın keçmiş həyat yoldaşı yaşayırdı. Bir dəfə o bizim qapıya gəldi. Ailəmin razılığı ilə onunla danışmağa başladım. Birinci arvadından iki ay sonra boşanacağını dedi. Anam da dedi ki, boşansın, sonra gəlib səni istəsin. Biz bir ilə yaxın idi ki, danışırdıq. Anam isə onunla danışmağıma etiraz edirdi. Anama dedim ki, arvadından boşanacağına söz verib. Evdə söz-söhbətlərdən o qədər yorulmuşdum ki, sanki onu bütün problemlərimdən çıxış yolu olaraq görürdüm. Onun evinə getdim. Amma çox yanıldım. Beş il onunla ailə kimi yaşadıq, amma məni rəsmi nikahına almadı. Kaş anama qulaq asardım. Ailə qurmazdan əvvəl bir il danışsaq da, mən yeni bilmişdim ki, o narkotik istifadəçisi, spirtli içki aludəçisidir. Ondan bir oğlum dünyaya gəldi. Düşündüm ki, bəlkə övladı olandan sonra düzələr. Amma hər şey daha da dəhşətli oldu”.
Gülşən bədənindəki yara izlərini göstərəndə göz yaşlarına hakim ola bilmədi. O deyir ki, başqa qadınlara görə döyülüb, söyülüb, xəstəxanalıq olub.
“Yoldaşım məni xəkəndazla, taxta ilə döyürdü”
“Əvvəlki həyat yoldaşlarımdan şiddət görməmişdim. Uyğunlaşa bilməmişdik, yollarımızı normal, sakit şəkildə ayırmışdıq. İnsan kimi bir-birimizi başa düşməyə çalışmışdıq. Amma bu dəfə Allah məni elə bir insana rast gətirdi ki, həyatıma nifrət edirəm. Ərim nə əvvəlki yoldaşını boşamır, nə də oğluma soyadını vermir. İçki içməsə, narkotik istifadə etməsə, yaxşı insandır. Övladımın atasıdır, pisliyini istəmirəm. Amma bir dəfə məni o qədər möhkəm döydü ki, xəstəxanalıq oldum. Beş il ərzində çox döyülmüşəm, amma səsimi çıxarmamışam. Amma sonuncu dəfə dözə bilmədim, polisə şikayət etdim. Baldızlarım məndən incidilər, dedilər ki, gərək polisə şikayət etməzdin. Amma mən onun əlində ölsəm, uşaqlarıma baxan olmayacaq. İndi də sığınacaqdayam. Heç istəməzdim ki, belə vəziyyətlərə düşüm. Artıq onun düzələcəyinə ümid etmirəm. Anam isə deyir ki, bu sənin üçüncü ailə həyatındır. Bundan da boşansan, camaata nə deyək, necə edək? Hamı bizi barışdırmaq istəyir. Yoldaşımın uşaqlarını da kiçik vaxtlarından mən böyütmüşəm. Hələ nə edəcəyimi bilmirəm. Çox qorxuram. Ailə qurmaq asandır, qoruyub saxlamaq üçün isə əlimdən tək heç nə gəlmir”.