Yazın gəlişi ilə bütün canlı təbiətin, torpağın oyanışı başlayır.
Unikal.org xəbər verir ki, təbiətin dirçəlişini, baharın ilk əlamətlərini vəhşi təbiət qoynunda müşahidə etmək, bənövşə, nərgiz, novruz güllərinin və yovşan kollarının yeni cücərtilərinin ətrini duymaq istəyirsinizsə Azərbaycanın milli parklarında keçiriləcək mart tədbirlərinə siz də qoşulun.
Müxtəlif yaş qruplarını əhatə edən maraqlı və rəngarəng tədbirlərdə həm bahar bayramı motivləri əks olunacaq, həm də vəhşi təbiətlə təmas qurmanız gerçəkləşəcək.
3 mart–Göygöl milli parkı, od çərşənbəsində yazın və təbiətin oyanışını görmək məqsədilə ekotur və bayram tədbiri;
10 mart–Qızılağac milli parkı, yel çərşənbəsində “Yurdumuza bahar gəlir” adlı sərginin təşkili və bayram tədbiri;
14 mart-Abşeron Milli Parkı, park ərazisinin qədim zamanlardan sevgiyə inanc gətirən yer olması ilə bağlı əfsanənin müasir konseptdə təqdimatı-"Sevgi qapısı"nın açılışı;
17 mart-Hirkan Milli Parkı, torpaq çərşənbəsində parkın füsunkar təbiəti ilə yaxından tanışlıq və bayram tədbiri ;
21 mart-Şirvan Milli Parkı, “Ümumdünya torpaq günü” ilə əlaqədar seminar və safari turu;
22 mart -Şahdağ Milli Parkı, “Ümumdünya su günü” ilə əlaqədar Xanagah və Qoşabulaq şəlalələrinə ekotur;
28 mart-Samur-Yalama Milli Parkı, məktəblilər üçün açıq dərs;
29 mart-Altıağac Milli Parkı, məktəblilər arasında “Milli Parklarımızı tanıyaq” adlı bilik yarışması;
Təbiətin göz oxşayan dəyişikliklərini müşahidə etmək, yazın ətrini duymaq və bahar tədbirlərində iştirak etmək istəyirsinizsə milli parklarımıza səyahət edin!