Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Koronavirus (COVİD - 19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirir.
Nazirliyin yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən respublika ərazisində fəaliyyət göstərən 56 avtovağzal və avtostansiya kompleksində beynəlxalq və ölkədaxili sərnişindaşımanı həyata keçirən daşıyıcılarla birlikdə avtonəqliyyat vasitələrinin, eləcə də avtovağzal ərazisinin, gözləmə zalının, xidmət otaqlarının, mədəni-məişət və sanitar-gigiyenik təyinatlı sahələrin gündəlik dezinfeksiya edilməsi təmin olunur.
Unikal.org xəbər verir ki, gecə reysləri üzrə avtonəqliyyat vasitələrində dezinfeksiya işləri səhər saat 06:00-dan, digər reyslər üzrə gecə saatlarında aparılır.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tapşırığına uyğun bu gün Bakı Beynəlxalq Avtovağzal Kompleksində zəruri tədbirlər və dezinfeksiya işləri avtonəqliyyat vasitələrinin salonunda, perronlarda, kassalarda gözləmə zallarında, məlumat mərkəzində, sanitar qovşaqlarında nəqliyyat qovşağında və orada yerləşən ictimai-iaşə obyektləri, hostel, otel, yanacaqdoldurma məntəqəsi, texniki müayinə otaqları, tibb otağı və “Şəbəkə”də həyata keçirilib.
Koronavirusla bağlı olaraq təxirə düşən reyslər və sərnişinlərdə yarana biləcək digər suallarla bağlı Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (012) 406-01-58/59 nömrəli Məlumat mərkəzi 24 saat ərzində xidmət göstərir.
Son 14 gün ərzində İran İslam Respublikasında olan vətəndaşlar Azərbaycan-Gürcüstan sərhədindən buraxılmayacaq. Bu məlumat həm kassaların üzərində, həm də saytda yerləşdirilib.
Həm şəhərlərarası, həm də beynəlxalq istiqamətlər üzrə hərəkət edən avtobuslarda 3 gündən bir aparılan dezinfeksiya işləri yaranan vəziyyətlə bağlı hər gün yerinə yetirilir.
Mövcud təhlükəsizlik tədbirlərini nəzərə alaraq sərnişinlərdən müntəzəm marşrut xətləri üzrə xidmətdə olan avtobuslarla səfər etmələri, avtovağzal ərazisindən çıxmayan nəqliyyat vasitələrindən istifadə etməmələri tövsiyyə edilir.
Həmçinin “Bakı Taksi” MMC-nin paytaxtda xidmət göstərən avtomobillərində də hər gün dezinfeksiya işləri aparılır. Sürücülər virusdan qorunmaq üçün lazımi vasitələrlə təmin olunur.
“Azərpoçt” MMC tərəfindən də müvafiq tədbirlər həyata keçirilir. Poçt Daşıma, “Şəbəkə” xidmət mərkəzləri, Poçt filial və şöbələrində dezinfeksiya işləri aparılır. Poçt Daşıma Mərkəzi, “Azərekspresspoçt” Rabitə Müəssisəsi, Astara, Biləsuvar, Qazax, Balakən, Xaçmaz, Qusar, Ağstafa poçt filialları maska, əlcək, spirtlə təmin olunub.
Əhali ilə birbaşa təmasda olan əməkdaşlarla Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tövsiyələrinə uyğun olaraq koronavirusla bağlı maarifləndirmə işləri aparılıb.
“Aztelekom” MMC-nin mərkəzi inzibati binasında işçi otaqların, sanitar qovşaqların, dəhlizin, liftlərin içərisinin, pilləkənlər və pilləkən qəfəslərindəki tutacaqların, MMC-yə giriş hissədə quraşdırılmış turniketlərin və qapı cəftələrinin hər gün 4 (dörd) dəfə olmaqla dezinfeksiyası aparılır.
Bundan başqa “Aztelekom” MMC-nin tabeliyində olan 57 Telekommunikasiya Qovşağında istifadə edilməsi üçün virusdan qorunmaq məqsədilə zəruri vasitələrin alınması planlaşdırılır.
“Bakı Telefon Rabitəsi” MMC və nəzdində fəaliyyət göstərən rabitə xidmətləri mərkəzləri, ATS-lər, “AzEvroTel” telekommunikasiya operatoru, “Azərrabitəlayihə” MMC-də yeni növ koronavirusun (2019-nCoV) profilaktikası üzrə bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilir.
Koronavirus barəsində məlumat xarakterli məqalə hazırlanaraq maarifləndirmə məqsədi ilə “Baktelecom”un nəzdində fəaliyyət göstərən xidmət mərkəzlərinə təqdim edilib. Qaynar xətt (598 38 99 və 598 46 99) yaradılaraq 24/7 formatında fəaliyyəti təmin olunub. Qaynar xətt işçiləri virus infeksiyası barəsində təlimatlandırılıb. “Baktelecom”a aid xidmət mərkəzləri, qurum və bölmələrdə gücləndirilmiş qaydada dezinfeksiya işlərinin təşkilinə başlanılıb.
Məlumatın dəqiq və vaxtında toplanması məqsədi ilə tənəffüs xəstəlikləri ilə xəstəxanaya daxil olan əməkdaşlar barəsində, eləcə də qaynar xəttə koronavirusla bağlı daxil olan müraciətlərin hər gün 9:20-dək dispetçer mərkəzinə bildirilməsi tapşırılıb.
Koronavirusun qarşısının alınması üçün təbliğat-təşviqat işlərinin gücləndirilməsi məqsədi ilə “Baktelecom”un İnzibati binası, xidmət mərkəzləri, qurum və bölmələrində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən hazırlanmış məlumatların Azərbaycan dilində tərtib edilərək yerləşdirilməsinə başlanılıb.
Əməkdaşlar arasında fərdi və kollektiv gigiyena qaydalarını yüksəltmək məqsədi ilə antiseptik məhlullar, duru sabun, tibbi əlcək və maskalar, qapaqlı tullantılar və s. kimi profilaktik vasitələr tədarük edilib.
Həyata keçirilən “Evədək optika” layihəsi çərçivəsində, eləcə də digər telekommunikasiya xidmətlərinin təminatı zamanı əhali ilə təmasda olan əməkdaşların təlimatlandırılması, onların ilkin qoruyucu vasitələrlə (tibbi əlcək, tibbi və N95 tipli maskalar və spirt tərkibli daşınan sanitayzerlər) təmin edilməsinə göstəriş verilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin və yoluxma hallarının qarşısının alınması məqsədilə mart ayında keçirilməsi nəzərdə tutulan bir sıra kütləvi tədbirləri müvəqqəti olaraq təxirə salıb. Belə ki, regionlarda keçirilməsi planlaşdırılan “İ2B – İdeyadan Biznesə” startap turları, ll Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Kibertəhlükəsizlik üzrə Gənclərin İnternet İdarəçilik Forumu və digər tədbirlərin vaxtı dəyişdirilib.