Azərbaycanda son 5 ildə boşanan cütlüklərin sayı açıqlanıb. 

Unikal.org Dövlət Statistika Komitəsində istinadən xəbər verir ki, 2015-ci ildən 2019-cu ilin sonuna kimi, ölkədə ailə quran 72397 nəfər boşanıb. 

Belə ki, 2011-ci ildən başlayaraq ölkədə boşanmalar hər il beşrəqəmli sayla ifadə olunur, yəni 10 mini ötüb və getdikcə artmaqda davam edir. Son 5 ilə aid rəqəmlərə nəzər salaq: 2015-ci ildə 12764, 2016-cı ildə 13114, 2017-ci ildə 14514, 2018-ci ildə 14857 və 2019-cu ildə 17148 boşanma qeydə alınıb.

Məsələ ilə bağlı Vəkillər Kollegiyasının üzvü, vəkil Zaur Abasov Azərbaycan qəzetinə deyib: "Gənclər arasında nikahın pozulmalarının bir çox səbəbləri var və hər bir ailədə bu səbəblər fərqli olur. Əksər hallarda bunlar valideynlərin gənclərin ailəsinə müdaxiləsi, cavanların özlərinin müstəqil və bir-birindən asılı olmayaraq həyat tərzi sürmək istəkləri, xasiyyətlərinin uyğun gəlməməsi, yaranan çətinliklərə dözməmələri, bir-birinə qarşı hörmətsizlik göstərərək təhqir etmələri, müəyyən hallarda kişilərin iş tapa bilməmək bəhanəsi ilə ailənin ehtiyaclarını ödəməməsi və digər səbəblərdir. Son zamanlar orta yaş həddinə çatmış şəxslər arasında da boşanmalara rast gəlirik və bunların sayı heç də gənc cütlüklərin boşanmalarının sayından az deyil”.