Koronovirusla əlaqədar Qazaxıstanın Xəzər dənizindəki Aktau və Kurık limanlarına bərə daşımalarına martın 5-dən tətbiq edəcəyi məhdudiyyət qərarına dəyişiklik edilib.
Unikal.org xəbər verir ki, bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) məlumat yayıb.
Bildirilib ki, bununla bağlı Azərbaycan və Qazaxıstanın aidiyyatı qurumları arasında danışıqlar aparılıb. Danışıqlardan sonra Azərbaycandan bərə gəmilərlə Qazaxıstan istiqamətində vaqonla yanaşı, sərnişin və yük avtomobillərinin daşınmasına da icazə verilib. Minik avtomobillərinin daşınmasına qoyulan qadağa isə qüvvədə qalıb.
Bununla belə, İrana aid hər növ avtomobilin, eləcə də İran vətəndaşlarının ASCO gəmiləri ilə Qazaxıstanın Aktau və Kurık limanları istiqamətində daşınmasına yenə də icazə verilməyəcək.
Qərarla əlaqədar olaraq, ASCO sərnişinlərin və yük daşımaq istəyən sahibkarların nəzərinə çatdırır ki, bilet satışı bərpa olunub.
Bildirilib ki, hazırda ASCO-ya məxsus “Professor Gül” gəmi-bərəsi yükləmə üçün Ələt limanındadır. Yükləmə əməliyyatı və sənədləşmə başa çatdıqdan sonra gəmi Qazaxıstanın Kurık limanı istiqamətinə yola düşəcək.