Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən, Azərbaycanda ilk “TIER III” standartlı Data Mərkəzinin yerləşdiyi “AzInTelecom” MMC öz imkanlarını genişləndirir.
Unikal.org-un məlumatına görə, “Azcloud” bulud xidmətləri tərəfindən göstərilən xidmət sahələrinin artması nəzərə alınaraq, mövcud Data Mərkəzinin texniki imkanlarının artırılması məqsədilə Bakı şəhərində “AzInTelecom”un inzibati binası ərazisində yeni Data Mərkəzinin inşası işləri tamamlanmaq üzrədir. Bu yaxınlarda yeni mərkəz dayanıqlılıq səviyyəsinə görə ABŞ-ın “Uptime Institute” təşkilatının “TIER III Design” uyğunluq sertifikatına layiq görülüb.
“TIER III” standartına uyğunluq dedikdə bütün infrastrukturun rezervlənməsi nəzərdə tutulur. Bu da öz növbəsində texniki qüsur olduğu halda belə, fasiləsiz şəkildə fəaliyyət göstərməyə imkan verərək xidmət keyfiyyətinin 99,982% səviyyəsində olması və ya il ərzində ümumi boşdayanma ehtimalı müddətinin 1.6 saatdan artıq olmamasıdır. Bundan başqa, enerjidən istifadənin optimallaşdırılması, enerji mənbələrinin idarə edilməsi və enerji paylaşdırıcı avadanlıqlar sayəsində ətraf mühitə tam zərərsiz Data Mərkəzi qurmaq mümkün olub.
Bununla yanaşı, “AzInTelecom” şirkəti İT-nin idarəetməsi sahəsində mükəmməlliyi nümayiş etdirən və ən effektiv metodların tətbiqinin əyani göstəricisi olan “ISO 20000” standartının uyğunluq sertifikatına və informasiya təhlükəsizliyinin idarəetmə sisteminin beynəlxalq standartlarına uyğun olmasının bariz sübutu olan “ISO 27001” standartına malikdir.
Qeyd edək ki, Bakı şəhərində “AzInTelecom” MMC-nin inzibati binası ərazisində inşa edilən yeni Data Mərkəzi müəssisənin “TIER III” standartları əsasında qurulan sayca 3-cü Data Mərkəzidir. 2019-cu ildə Yevlax şəhərində inşasına başlanılan Data Mərkəzi “TIER III Design” sertifikatına və 2015-ci ildə Bakı şəhərində yerləşən Data Mərkəzi “TIER III Facility” uyğunluq sertifikatlarına layiq görülüb.