Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitənin Biləsuvar rayonu ərazisində realizə ediləcəyi barədə məlumat daxil olub.
Unikal.org xəbər verir ki, narkotik vasitənin "Biləsuvar-Biləsuvar gömrük postu" avtomobil yolundakı Balharı çayının üzərində olan körpünün altında gizlədildiyi və "Ataxan" adlı şəxs tərəfindən götürülərək realizə olunacağı müəyyən edilib.
Bu məqsədlə Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinin və Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılıb və həmin ərazi nəzarətə götürülüb.
Martın 4-də saat 17.00 radələrində, şəxsiyyəti sonradan məlum olan Azərbaycan Respublikasının vətəndaşı Abbasov Ataxan Habil oğlunun velosipedlə sözügedən əraziyə gəldiyi müşahidə edilib. O, velosipeddən düşərək Balharı çayının üzərindəki körpünün altına enib. Burada gizlədilən 1 ədəd düyü torbasını götürüb körpünün üstünə qalxarkən əməliyyat qrupu tərəfindən saxlanılıb.
Cənub Ərazi Baş Gömrük İdarəsində həmin torbaya baxış zamanı torbadakı düyünün arasında 3 ədəd bağlama aşkar edilib. Həmin bağlamaların içərisində isə qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 3543 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.