Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə müvafiq sərəncamının 3-cü bəndinə müvafiq olaraq tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsini təmin etmək məqsədilə Bakı Mühəndislik Universitetində (BMU) növbəti əsaslı dezinfeksiya işləri aparılıb.
BMU-dan Unikal.org-a verilən məlumata görə, universitetin bütün tədris binaları, ictimai-iaşə obyektləri və yataqxanaları Abşeron Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən ötən bir həftə ərzində ikinci dəfə dezinfeksiya edilib, həmçinin sanitar-epidemioloji vəziyyət nəzarətə götürülüb.
Qeyd edək ki, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması, müvafiq tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə BMU-da davamlı işlər görülür.
Belə ki, məlumatlılığın artırılması məqsədilə maarifləndirici videoçarx hazırlanıb, universitetin saytına, eləcə də yataqxanalarda və tədris binalarında monitorlara yerləşdirilib. Bununla yanaşı, “İcbari tibbi sığorta üzrə məlumatlılığın artırılması” mövzusunda keçirilən maarifləndirici tədbirdə koronovirusun yaratdığı fəsadlar və bu xəstəlikdən qorunmağın yolları haqqında geniş məlumat verilib.