Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə məqsədilə Azərbaycan Respublikası hökuməti tərəfindən humanitar əsaslarla İran İslam Respublikasına 5 milyon ABŞ dolları məbləğində maliyyə yardımının göstərilməsi barədə qərar qəbul edilib.
Bu barədə Unikal.org-a Azərbaycan Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, Nazirlər Kabineti tərəfindən 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulan Ehtiyat Fondundan bu vəsaitin ayrılmasına dair sərəncam qəbul olunub.
Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dostluq və mehriban qonşuluq münasibətləri mövcuddur. COVİD-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə iki ölkənin aidiyyəti nazirlik və dövlət qurumları sıx əməkdaşlıq edir.
Azərbaycan Respublikası COVİD-19 virusuna qarşı mübarizə çərçivəsində beynəlxalq birliyin səylərini dəstəkləyir, Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlığını davam etdirir.