“Xəzər Televiziyasına yeni təyin olunmuş Baş direktor Murad Dadaşovun rəhbərliyi ilə peşəkar mütəxəssislərdən ibarət yaradıcı qrup formalaşdırılıb. Bu qrup televiziyanın efirində yayımlanan verilişlərin məzmun və keyfiyyətini nəzərdən keçirir”.
Unikal.org xəbər verir ki, bu barədə “Xəzər” TV-nin yaydığı məlumatda bildirilir.
Məlumata görə, keçirilən ilk iclasda “Hər şey daxil” verilişinin yayımının dayandırılmasına qərar verilib, aparıcı Tarix Əliyev və verilişin komandasına isə yeni telelayihənin hazırlanması tapşırılıb: “Qeyd edək ki, yaradıcı heyət televiziyanın proqram siyahısına daxil olan bütün layihələrin monitorinqini aparmaqda və keyfiyyət analizini həyata keçirməkdədir. Monitorinqlərin nəticəsindən asılı olaraq digər verilişlərdə də məzmun dəyişikliklərinin ediləcəyi istisna olunmur. Media orqanı olaraq bəyan edirik ki, növbəti televiziya mövsümündən, yəni cari ilin payızdan etibarən “Xəzər” TV daha məzmunlu, dolğun, əhatəli və xalqımızın milli mənəvi dəyərlərinə uyğun yeni telelayihələrlə tamaşaçıların görüşünə gələcək” .
Məsələ ilə bağlı Tarix Əliyev də açıqlama yayıb. O şəxsi instaqram səhifəsində bildirib ki, dəyişmək, yenilənmək lazımdır:
"Xəzər TV"-yə gələn yeni rəhbərim Murad Dadaşov məni dünən, bu gün deyil, 10 ildir tanıyır. "Maşın" şousunun iştirakçısı olmuşam. Murad Dadaşovun sayəsində geniş kütləyə təqdim olunmuşam. O ki qaldı "Hər şey daxil"in bağlanmasına, bu, son deyil. Yaxın zamanda "Xəzər TV"də yeni layihəmlə qarşınızda olacam. Murad Dadaşov istəsəydi, məni kanaldan uzaqlaşdıra da bilərdi. Amma o, potensialımı yüksək qiymətləndirərək mənə etimad göstərdi"