Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bu gün bir qrup qadının şəhərin mərkəzində etiraz yürüşü keçirməyə cəhd göstərməsi ilə bağlı açıqlama verib.
Unikal.org xəbər verir ki, E.Zahidov "Report"un suallarını cavablandırıb. Onun sözlərinə görə, aksiyanın qarşısı alınarkən bir neçə nəfər saxlanılsa da, daha sonra onlar sərbəst buraxılıblar:
“Özlərini feminist adlandıran həmin qadınların şəhərin mərkəzində, əhalinin istirahət etdiyi, çoxsaylı iaşə və ticarət mərkəzlərinin olduğu ərazidə belə bir yürüş keçirməyə cəhd göstərmələri tamamilə qanunsuz hərəkət idi. Çünki onlara aksiyanı keçirmək üçün uyğun yer təklif edilmişdi. Lakin onlar qəsdən həmin yerdən imtina edərək Fəvvarələr Meydanını seçmişdilər. Bu da digər insanların hüquqlarının pozulmasına gətirib çıxara bilərdi.
Ona görə də asayiş keşikçiləri bu aksiyanı keçirməyə cəhd edənləri ərazidən uzaqlaşdırdı və bununla da ictimai asayişin pozulmasına imkan vermədi. Hətta, Fəvvarələr Meydanında bayramla əlaqədar istirahət edən, ticarət obyektlərində alış-verişə gələn insanlar da qanunsuz aksiyanın iştirakçılarına öz kəskin etirazlarını bildirirdilər.
Aksiyanın qarşısı alınarkən bir neçə nəfər saxlanıldı və izahedici söhbətlərdən sonra xəbərdarlıq edilərək sərbəst buraxıldılar”.
DİN sözçüsü, həmçinin, saxlanılanlar arasında qadınların olmadığını bildirib:
“Polis əməkdaşları əsl azərbaycanlı kişiyə xas olaraq Beynəlxalq Qadınlar bayramının, eləcə də ləyaqətli Azərbaycan xanımlarının xatirinə qanunsuz aksiyaya cəhd edən qadınlardan hər hansı birini nəinki saxlamadı, hətta onlardan bəzilərinin aqressiv davranışlarına oz təmkinli hərəkətləri ilə cavab verdi”.