Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı rayonlarda yük avtomobillərindən akkumlyatorları oğurlamaqla məşğul olan dəstə saxlanılıb.
Unikal.org-un DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan aldığı məlumata görə, Biləsuvar rayonun Xırmandalı kənd sakini Y.Teymurov polisə müraciət edərək ona məxsus “Kamaz” markalı avtomaşından ümumi dəyəri 560 manat olan 2 ədəd akkumlyatorun oğurlandığını bildirib. Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.
Belə ki, araşdırma nəticəsində onların Lənkəran şəhər sakinləri, əvvəllər məhkum olunmuş Samit Abdullayev və qardaşı Samir Rəhimov, Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Ağayev olduqları məlum olub.
Qeyd edək ki, onların Cəlilabad və Salyan rayonlarında daha 3 yük avtomobilindən və bir traktordan ümumilikdə dəyəri 3320 manat olan akkumlyator oğurladıqları da müəyyən edilib. Araşdırmalarla məlum olub ki, saxlanılan şəxslər Bakı şəhərində kirayə götürdükləri avtomobillə adıçəkilən rayonlara gedərək gecə saatlarında avtomaşınlardan akkumlyatorları götürərək paytaxt ərazisində satıblar.
Həmin şəxslər barədə araşdırma davam edir.