Dünyada epidemiyanın yayılması yeni bir şərait yaradıb. Dünyanın ən böyük iqtisadiyyatlarında azalma müşahidə olunur.
Unikal.org-un məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxış edən komitə sədri Tahir Mirkişili deyib.
T.Mirkişili bildirib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl islahatlar Azərbaycan iqtisadiyyatını bu günə və eyni zamanda, bundan da çətin günlərə hazırlanmağa hesablanıb.
Komitə sədri qeyd edib ki, Azərbaycan iqtisadiyyatının kifayət qədər imkanları mövcuddur:
“Son zamanlar neftin qiymətində baş verən hadisələr və Azərbaycan iqtisadiyyatının bu hadisələrə reaksiya verməsi üçün kifayət qədər imkanlara sahib olması onu deməyə əsas verir ki, həyata keçirilən islahatların nəticəsi qısa zaman ərzində öz bəhrəsini verir və bu islahatlar bu günə və sabaha hesablanıb. Hesab edirəm ki, bundan sonra da baş verən proseslərdə neftin qiymətinin indikindən də aşağı düşməsi ssenarisində bu hadisələrdən yan keçmək, əhalinin maddi rifah halını və onu digər hadisələrdən qorumaq üçün Azərbaycan iqtisadiyyatının kifayət qədər imkanları mövcuddur”.