Nazirlər Kabineti yanında Operativ Qərargah və Baş Prokurorluq birgə məlumat yayıb.
Unikal.org-a daxil olan məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunda aparılmış araşdırmalarla Muradova Ülviyyə Niyaz qızının “facebook” sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə koronavirus infeksiyasının (COVİD-19) guya respublika ərazisində geniş miqyasda yayılacağı barədə həqiqətə uyğun olmayan, provokasiya xarakterli paylaşımlar etməsi, bundan başqa statuslarında pandemiyaya qarşı mübarizə sahəsində dövlət orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin üzərinə kölgə salan, ictimai rəyi çaşdırmaq və əhali arasında təşviş yaratmaq məqsədi güdən ifadələrə yol verməsi müəyyən edilmişdir.
Qeyd edilənlərlə əlaqədar Ülviyyə Muradova Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq ictimai rəyi çaşdırmaq, əhali arasında vahimə yaratmaq məqsədi ilə dəqiqləşdirmə aparılmadan sensasiya naminə qəsdən və qərəzli şəkildə konkret faktlara əsaslanmayan məlumatların qanunsuz olaraq yayılmasını davam etdirəcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilmişdir.