“Hazırda cənab Prezidentin tapşırığı ilə ölkədə çox ciddi önləyici tədbirlər görülür. Bildiyiniz kimi, Nazirlər Kabinetinin yanında Operativ Qərargah yaradılıb. Bu Qərargah profilaktik, maarifləndirici və digər zəruri tərdbirlər həyata keçirir ki, bunlar çox əhəmiyyətlidir”.
Bu fikirləri Unikal.org-a açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin keçmiş müavini, həkim Natiq Məmmədov səsləndirib.
O bildirib ki, koronavirus infeksiyası Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya kimi qəbul olunub: “Bəzi hallarda pandemiyanı epidemiya ilə qarışıq salırlar. Pandemiya yeni xəstəliyin dünya səviyyəsində yayılmasıdır. Bu, o zaman yaranır ki, yeni virus meydana gəlir və geniş miqyasda sürətlə yayılır. Xüsusən də əhalinin yaşlı nəslinin immunitetinin aşağı düşməsinə təsir göstərir. Yəni, immuniteti aşağı olan insanlar risk qrupuna daxildirlər. Ona görə də bu kateqoriyadan olan insanlar üçün karonavirus daha təhlükəlidir”.
N.Məmmədov onu da qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının bu virusdan qorunmaq və ona qarşı mübarizə aparmaqla bağlı tövsiyyələri var və ona əməl etmək lazımdır: “Azərbaycan dövrləti də lazım olan addımları atır, bütün önləyici tədbirlər həyata keçirilir. Cənab Prezidentin fərmanı ilə dünən dörd işçi qrupu yaradıldı. Yəni, bu pandemiya ilə əlaqədar olaraq, ölkədə iqtisadi, sosial və digər məsələlər nəzarətə götürülüb. Onu da qeyd edim ki, Azərbaycan xalqı mədəni xalqdır və şəxsi gigiyena məsələlərinə hər zaman diqqət göstərib. Bu virusun yayılmaması, daha çox adamın yoluxmaması üçün hər kəs diqqətli olmalıdır. Əgər Operativ Qərargahın tövsiyyələrinə və tələblərinə əməl etsək, bu problemi daha az itkisiz həll edə bilərik”.
Elvin Rüstəmov