Koronavirus infeksiyasının episentrinə çevrilən Avropada bu virusa yoluxanların sayı getdikcə artır. İnfeksiyanın yayılma sürəti bir sıra vacib məhdudlaşdırıcı tədbirlərin görülməsini zəruri edir. Azərbaycan bu qlobal təhlükəyə qarşı mübarizəyə çox operativ qoşulub. Elə bunun nəticəsidir ki, ölkəmizdə infeksiyanın yayılma sürəti o qədər də yüksək deyil. Qabaqlayıcı tədbirlər sırasında sosial izolyasiyanın tətbiqini, dezinfeksiya işlərinin aparılmasını və əhalinin maarifləndirilməsini qeyd etmək lazımdır. Bunlar nə qədər vacib və zəruri tədbirlər olsa da, bu sahədə əsas yük tibb işçilərinin üzərinə düşür. Xəstəliklə mübarizədə həkim-infeksionistlərin, epidemioloqların və əhalinin sağlamlığının keşiyində dayanan digər tibb işçilərinin böyük zəhməti danılmazdır. Prezident İlham Əliyevin martın 18-də imzaladığı “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Sərəncamı bu istiqamətdə çalışan səhiyyə işçilərinin fədakar əməyinə verilən yüksək dəyərin və onlara göstərilən sosial qayğının nümunəsidir. Dövlət başçısı tərəfindən atılan bu addım şübhəsiz ki, əhalinin sağlamlığının keşiyində dayanan tibb işçilərini daha böyük məsuliyyətlə, həvəslə və yorulmadan çalışmağa sövq edir.
Unikal.org xəbər verir ki, bu fikirləri azərtac-a tibb üzrə fəlsəfə doktoru, həkim-terapevt Avtandil Verdiyev bildirib.
A.Verdiyev qeyd edib ki, martın 19-da ölkə başçısının imzaladığı Fərmanla Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Bununla yanaşı, həmin gün Prezident İlham Əliyevin imzaladığı Sərəncamla bu fonda Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 20 milyon manat ayrılıb. Fondun vəsaiti koronavirusla mübarizə üzrə tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə, xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, təbliğat və maarifləndirmə işlərinə, koronavirusla mübarizə istiqamətində həyata keçirilən digər tədbirlərə yönəldilib.
Bütün bunlar ölkəmizdə əhalinin sağlamlığının qorunmasının, dünya standartlarına uyğun tibbi yardımla təmin olunmasının həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindən olduğunu bir daha sübut edir. Azərbaycanda infeksiyanın yayılmasının qarşısını almaq məqsədi daşıyan preventiv və profilaktik tədbirlərə əhalinin də dəstək verməsi, sosial həmrəylik nümayiş etdirməsi görülən işlərin daha səmərəli nəticə verməsinə səbəb olacaq.
Həkim-terapevtin sözlərinə görə, koronavirus pandemiyasının hələ ki, tam olaraq müalicəsi tapılmasa da, gigiyena qaydalarına, tövsiyələrə əməl etməklə, immun sistemini gücləndirən qidalar qəbul etməklə xəstəliyə yoluxmaqdan xilas olmaq mümkündür. Bununla yanaşı, əhalinin sıx olduğu yerlərdən uzaq durmaq, yaxın təmasdan çəkinmək də olduqca vacibdir. Xəstəliyə görə narahatlıq keçirməyə, təşvişə düşməyə ehtiyac yoxdur. Qeyri-rəsmi mənbələrin məlumatlarına inanmamaq, yalnız rəsmi dövlət qurumlarının yaydığı xəbərlərə istinad etmək, xəbərdarlıq və məsləhətlərə ciddi yanaşmaq lazımdır.