Cəmiyyət qarşısında sosial öhdəliyini hər zaman dərk edən, onun ictimai-sosial rifahının yüksəldilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirən “Ultra Technologies” bu dəfə koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə dövlət başçısının 19 mart tarixli sərəncamına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 min manat vəsait ayırıb.
Unikal.org xəbər verir ki, ayrılan vəsait qlobal infeksiyanın Azərbaycanda yayılmasının qarşısının alınması istiqamətində aparılacaq mübarizə tədbirlərinin həyata keçirilməsinə xərclənəcək.
“Ölkə vətəndaşlarının sağlam və təhlükəsiz şəraitdə yaşamasının təminatı dövlətimizin əsas prinsiplərindəndir. Bu prinsiplərin qorunması təkcə hökumətin deyil, eyni zamanda özəl sektor nümayəndələri kimi bizim də öhdəliyimizdir. Biz bunu şirkətimizin Korporativ Sosial Məsuliyyətinin ayrılmaz parçası kimi görürük. Bütün iş adamlarını da pandemiya ilə mübarizədə Koronavirusla Mübarizəyə Dəstək Fonduna dəstək olmağa çağırırıq”, - deyə “Ultra Technologies” şirkətinin biznes xidmətləri qrupunun rəhbəri Məhəmməd Zülfüqarlı bildirib.
Qeyd edək ki, “Ultra Technologies” pandemiyaya yoluxma hallarının qarşısının alınması, müştərilərinin və əməkdaşlarının sağlamlığının təmin olunması məqsədilə Nazirlər Kabineti yanında operativ qərargahın təlimatları əsasında bütün təhlükəsizlik tədbirlərinə riayət edir, bu istiqamətdə maarifləndirmə işlərini davam etdirir.