Bu gün hər birimiz vətəndaş olaraq dövlətmizin bu bəşəri təhlükəyə qarşı atdığı mübarizə tədbirlərini dəstəkləməli, qəbul olunmuş bütün qərarlara məsuliyyətlə əməl etməliyik. Hazırda dünya gündəmini zəbt edən, böyük mənada isə bəşəriyyəti ciddi narahat edən koronovirus infeksiyası demək olar ki, hər birimizin gündəlik həyatına təsirsiz ötüşməyib. Reallıq və sevindirici məqam isə həmin bəşəri bəlanın Azərbaycana digər ölkələrə nisbətən çox az sirayət etməsidir. Təbii ki, biz xalq olaraq buna görə dövlətmizə və onun rəhbəri cənab İlham Əliyevə minnətdar olmalıyıq. Çünki koronovirusla mübarizə tədbirlərinin başlandığı ilk günlərdən indiyədək Azərbaycan dövlətinin atdığı bütün addımlar xalqımızın ümummilli mənafeyinə, dövlətimizin və millətimizin siyasi və fiziki təhlükəsizliyinə hesablanmış addımlardır. Qəbul olunan qərarlar, həyata keçirilən çevik, təxirəsalınmaz tədbirlər və bu tədbirlərin maddi və mənəvi miqyasının kifayət qədər böyük olması bir daha ölkəmizdə dövlətin öz vətəndaşına olan diqqətini, həssaslığını göstərdi. Dövlətimizin opertiv müdaxilə etdiyi məsələlərdən biri də məhz dünya dövlətlərinin eləcədə, Azərbaycanın sərhədlərinin bağlı olduğu bir məqamda hətta koronovirusun tüğyan etdiyi ölkələrdən belə öz vətəndaşlarını, həmin ölkələrdə təhsil alan tələbələri təcili vətənə qaytarılmasının təmin edilməsi oldu. Bir gənc kimi həmyaşıdlarımın, soydaşlarımızın təcili vətənə qaytarılması, onların dövlət qayğısı ilə birbaşa təmin olunması məni çox sevindirdi.
Koronovirusla mübarizə tədbirlərinin daha da genişləndirildiyi bu məqamda xalqımız vətəndaş həmrəyliyi nümayiş etdirir. Xarici dövlətlərdə yaşayan həmvətənlərimizin öz qapılarını soydaşlarının üzünə açması, respublikamızda yaşayan vətəndaşlarımızın qəbul olunan bütün qərarlara təmkin və məsuliyyətlə əməl etməsi, bu amansız virusla mübarizəyə maddi və mənəvi dəstəyin ümumxalq işinə çevrilməsi insanın vətəninə, xalqına olan məhəbbətini daha da alovlandırır. Nə yaxşı ki, Azərbaycan kimi məmləkətin övladıyam, nə yaxşı ki, daim öz xalqının yanında olan Azərbaycan dövlətinin vətəndaşıyam!
Tamerlan Əkbərov