Milli Məclisdə internet üzərindən informasiya mübadiləsi qrupları yaradılıb.

Məclisin Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Milli Məclisin rəhbərliyi ilə komitə və komissiyaların rəhbərləri arasında, Milli Məclisin rəhbərliyi ilə parlamentdə təmsil olunan siyasi partiyaların liderləri arasında, habelə Milli Məclisin rəhbərliyi ilə parlament Aparatının və İşlər İdarəsinin məsul vəzifəli şəxsləri arasında internet üzərindən 3 informasiya mübadiləsi qrupu yaradılıb.

Qruplar ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasına qarşı görülən sistemli tədbirlər nəzərə alınmaqla, Azərbaycan Respublikası Milli Məclisinin inzibati binalarında insanlar arasında birbaşa təması məhdudlaşdırmaq, idarəetməni mobil və internet rabitəsi vasitəsi ilə həyata keçirmək məqsədi ilə Milli Məclis Sədrinin 2020-ci il 18 mart tarixli Sərəncamına uyğun olaraq təşkil edilib.

Xatırladaq ki, martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib.

Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.