Bakı Mühəndislik Universiteti (BMU) Elmi Şurasının Google Hangout Meet platforması üzərindən onlayn iclası keçirilib.
Unikal.org-un məlumatına görə, iclasda Azərbaycan Respublikasının ərazisində koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində tədris prosesinin müvəqqəti dayandırılmasından sonra yaranmış vəziyyət, eləcə də Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından irəli gələn vəzifələrin icrası ətraflı müzakirə edilib.
İclasda BMU-nun rektoru, professor Havar Məmmədov Azərbaycan dövlətinin əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə gördüyü işləri nəzərə çatdırıb, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldığını vurğulayıb. Rektor H.Məmmədov bildirib ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 20 milyon manat ayrılıb. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir illik əməkhaqlarını Fonda ianə ediblər.
İclasda universitetin büdcəsindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat məbləğində vəsaitin köçürülməsi ilə bağlı yekdil qərar qəbul olunub.
Daha sonra BMU-da tədrisin məsafədən həyata keçirilməsi, elektron vasitələrlə təşkili imkanları, tələbə və əməkdaşların sağlamlığının qorunması istiqamətində görülən işlər müzakirəyə çıxarılıb. İclasın sonunda rektor H.Məmmədov universitet əməkdaşlarını həmrəylik, vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırıb.