UNEC-in rektoru, professor Ədalət Muradov tələbələrə yardım etmək və yaranmış vəziyyətdən onların maksimal dərəcədə bəhrələnmələri üçün növbəti uğurlu təşəbbüslə çıxış edib.
Unikal.org-un məlumatına görə, rektor rəsmi Facebook səhifəsində UNEC tələbələrinə yeni təşəbbüslə bağlı müraciət edib:
“Əziz UNEC bakalavr və magistrləri,
Ümid edirəm ki, yaxşısınız və müasir biliklər əldə etməklə bağlı mümkün olduğu qədər səylərinizi davam etdirirsiniz. Bu istiqamətdə sizlərə yardım etmək və yaranmış vəziyyətdən maksimal dərəcədə bəhrələnməyiniz üçün müxtəlif təkliflər üzərində çalışırıq. Bununla bağlı ilk uğurumuz haqqında məlumatı sizlərlə bölüşməyə qərar verdim.
UNEC artıq "Coursera for Campus" dəstək proqramına qoşuldu. Belə ki, UNEC-in 2000 bakalavr və magistri dünyanın aparıcı universitetlərinin və şirkətlərinin (Duke University, University of London, Yale University, Johns Hopkins University, Illinois University, University of Michigan, UC San Diego University, Univeristy of Virginia, Hong Kong University, Indian School of Business, HEC Paris School of Management, University of Colorado, Monterrey Institute of Technology and Higher Education, University of Los Andes of Colombia, Pontifical Catholic University of Chile, Şirkətlər: IBM, Google, Intel) 400 ixtisas üzrə 3800 online kursunun ödənişindən azad edilib. İlk müraciət edən 2000 UNEC tələbəsinin müraciəti qəbul ediləcək.
Verdiyimiz qərara əsasən, həmin kursları uğurla bitirib müvafiq sertifikat əldə edən UNE-in bakalavr və magistrləri həmin fənlər üzrə yaz imtahan sessiyasında nəzərdə tutulmuş imtahanlardan azad ediləcəklər.
Bu proqrama qoşulmaq üçün [email protected], sualları ünvanlamaq üçün isə facebook.com/UNECKaryera müraciət etmək lazımdır.
Eləcə də, xatırlatmaq istəyirəm ki, qüvvədə olan qərarımıza əsasən İELTS, TOEFL, PTE ACADEMİC sertifikatları qazanmış tələbələrimiz xarici dil imtahanından azaddırlar.
Evdə qalmaqla vaxtdan səmərəli istifadə etməyi tövsiyyə edir və hər birinizə uğurlar arzu edirəm”.