Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun əməkdaşları da koronovirus xəstəliyinin  ölkəmizdə yayılmasının qarşısını almaq və onunla mübarizə tədbirlərinə maliyyə dəstəyini təmin etmək məqsədi ilə bu həmrəylik aksiyasına qoşulublar.

Unikal.org xəbər verir ki, Dövlət Komitəsi və MKSİF əməkdaşların biraylıq əmək haqqının 50 faizini təşkil edən  30 min manat məbləğində vəsaiti  Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.

Əhalinin ən həssas qruplarından olan məcburi köçkünlərlə işləyən komitə əməkdaşları əmindirlər ki, dövlətimizin qətiyyətli addımları, hökumətimizin məqsədyönlü tədbirləri, xalqımızın həmrəyliyi, hər bir vətəndaşımızın məsuliyyətli davranışı sayəsində ölkəmizdə bu təhlükəli virusun geniş yayılmasının qarşısı qısa müddətdə alınacaqdır.