İnformasiyadan asılı və fövqəladə hallara həssas olan müasir dövlət baş verənlərə çevik reaksiya sərgiləməli və operativ qərarlar qəbul edə bilməlidir. İstənilən gecikmə və ya laqeydliyin fəsadları ölçüyəgəlməz ola bilər.
Bunu Unikal.org-a Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.
O bildirib ki, dünyanın ən qabaqcıl dövlətləri Covid-19 pandemiyasının qarşısında aciz durumda qalıblar:
“Avanqard texnologiyaların istehsalçıları, aparıcı iqtisadiyyatlara sahib dövlətlərdən hər gün onlarla deyil, yüzlərlə həyatlarını dəyişənlər barədə xəbərlər alırıq. Halbuki ən mükəmməl tibbi xidmət, sığorta sistemləri və avadanlıqların məhz bu ölkələrdə olduğunu bilirdik”.
Deputatın sözlərinə görə, Azərbaycanın Covid-19 epidemiyası ilə mübarizə tədbirləri çərçivəsində 4 amil baxımından dünyanın əksər hissəsini qabaqlayır. Bu faktorlar aşağıdakılardır:
"1. Operativlik
Dövlətimiz ilk gündən etibarən koronavirus epidemiyasının mümkün təsirləri barədə təhlükələrə ciddi münasibət göstərməyə başladı. Təsadüfi deyil ki, Azərbaycanın mübarizə təcrübəsi digər ölkələr tərəfindən də tətbiq olunur. Bir misalla ölkəmizin dünyanın qalan hissəsindən problemə yanaşmanın operativliyi baxımından nə qədər öndə olduğunu təsdiqləmək olar. Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah yanvarın 27-də yaradılıb. Ümumdünya Səhiyyə Təşkilatı isə Covid-19-u yalnız martın 11-də pandemiya olaraq elan edib. Arada təqribən 1,5 ay müddət var. Nəzərə alsaq ki, yanvarın sonlarında biz Operativ Qərargah yaradanda virus Çinin səddlərini hələ aşmamışdı, Azərbaycanın problemə necə cəld və zamanında münasibət göstərdiyinin şahidi ola bilərik.
2.Texniki təminat
Üzərində dayanılması vacib olan ikinci məqam texniki təminatdır. Məlumdur ki, bu virus tibb elminə naməlum və bir sıra xarakteristikaları ilə unikal epidemiyadır. İnkubasiya dövrü, yayılma şərtləri, müalicəsinin faktiki olaraq yoxluğu, yəni konkret dərman preparatlarının elmə hələ də məlum olmaması. Çox güman ki, virusun aldığı insan həyatlarının çoxluğunu şərtləndirən əsas faktorlar bunlardır. Ancaq baxın, dövlətimiz bu problemə necə yanaşdı. Cənab Prezidentin birbaşa tapşırığı ilə qısa zamanda ölkəyə ən müasir tibbi texnika, ləvazimat və laboratoriya gətirildi. Prezident İlham Əliyev iki dəfə bu növ ehtiyacların ödənilməsi üçün 10 və 20 milyon manat olmaqla vəsait ayırdı.
Bir məqamı xüsusi vurğulamağa ehtiyac var: hamımız bilirik ki, virusun tibbi fəsadları ilə yanaşı iqtisadi təsirləri də var. Əgər bəşəriyyət indi onun bir epidemiya olaraq aradan qaldırılmasına çalışırsa, iqtisadi dağıntılarını bərpa etməyə illər tələb olunacaq. Dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi birbaşa olaraq Covid-19 təhlükəsi ilə bağlıdır. Azərbaycanın dövlət büdcəsinin yarısı enerji daşıyıcılarının ixracından asılı olduğundan, təbii ki, bu problem bizim də iqtisadi durumumuza təsirsiz ötüşməməlidir. Ancaq indi gəlin baxaq məsələyə siyasi qüvvələrin münasibətinə: dövlət hətta gəlirlərinin azaldığı dövrdə əhalinin sağlamlığı və təhlükəsizliyi naminə ciddi xərclərə gedir. Bunun əyani sübutu kimi cənab Prezident tərəfindən əhalinin sosial müdafiəsi və iqtisadi dayanıqlığın təmin olunması üçün 1 milyard manat vəsait ayırmasını göstərmək olar. Dövlət başçısının haqqlı olaraq beşinci kolon adlandırdığı bir qrup isə oturub neftin qiymətinin azalmasına görə iqtisadiyyatımızın “çökməsi”ni gözləyir. Həmin şəxslərin rəy və gözləntiləri ilə tanış olmaq üçün sosial şəbəkələrdəki profillərinə baxmaq kifayətdir, son seçkilərdə dairə üzrə cəmi 200-300 səsi güclə toplaya bilənlər bir il sonranın “inqilabi” ssenarilərini qururlar.
3.Təhlükəsizlik
Dövlət aparatının bir nömrəli vəzifəsi milli təhlükəsizliyin qorunması və təmin olunmasıdır. Milli təhlükəsizlik geniş məfhum olduğundan müxtəlif istiqamətlər üzrə şaxələnir ki, burada əhalinin sağlamlığı, sosial təminatı və iqtisadi təhlükəsizlik hazırki dövr üçün daha aktualdırlar.
Təlükəsizliyin təminatı üçün atılan ilk addım əhalinin sağlamlığının qorunmasına yönəldi. Təhsil ocaqları bağlandı, kütləvi tədbirlər qadağan olundu, əyləncə xarakterli aksiyalar təxirə salındı, iaşə obyektlərinin fəaliyyətləri vaxt etibarilə məhdudlaşdırıldı. Halbuki bir sıra qabacıl dövlətlərdə təhsil prosesi yalnız bir neçə gündür dayandırılıb. Təhsil ocaqları ilə yanaşı əhalinin istifadəsində olan bütün obyektlərdə ciddi dezinfeksiya işləri həyata keçirildi və bu proses hazırda da davam edir.
Bu kontekstdə maarifləndici aksiyaları da qeyd etmək yerinə düşərdi. Elektron KİV vasitəsilə virus barədə mütəmadi və ətraflı məlumatların verilməsi, ticarət obyektlərində əhalinin məlumatlandırılması (hələ karantin rejiminin tətbiqindən əvvəl), giriş-çıxışlarda sakinlərin yoxlanılması üçün texniki avadanlıqlarla təminat, ictimai nəqliyyatın dezinfeksiyası və s. tədbirlər bu qəbildəndir. Bir amili xüsusi vurğulamaq lazımdır ki, dövlətin gördüyü tədbirlərlə paralel olaraq biz vətəndaşlar da qoyulan qadağa və tövsiyyələrə ciddi əməl etməliyik. Prezident İlham Əliyevin dediyi kimi, “Biz həm özümüzə, həm də bütün dünyaya göstərməliyik ki, böyük xalqıq”.
4.Sosial təminat və iqtisadi dayanıqlıq
Martın 19-da Prezident İlham Əliyevin imzaladığı sərəncam ölkədə əhalinin sosial təminatı və virusun mümkün fəsadlarının iqtisadi sferaya təsirinin neytrallaşdırılması yolunda atılmış qətiyyətli addımdır. Sərəncama əsasən, iqtisadi sahədə baş verə biləcək neqativ tendensiyaların qarşısının alınması, əhalinin sosial rifahının qorunması, məlum reallıqla əlaqədar olaraq biznes və sahibkarlıq sferalarının yaşaya biləcəkləri sıxıntıların önlənməsi üçün dövlət tərəfindən 1 milyard manat vəsait ayrılır. Yəni dövlət tək əhalinin sağlamlığının qayğısına qalmaqla yetinmir, eyni zamanda, onun sosial durumuna və iqtisadi imkanlarına dəyə biləcək zərərin minimuma endirilməsi üçün əməli və təsirli addımlar atır. Martın 20-də Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən qəbul edilən qərara əsasən, bəzi dövlət qurumlarının əməkdaşları aprelin 29-dək əməkhaqqıları saxlanılmaqla məzuniyyətə göndərilib. Bu məqama xüsusi diqqət edək: hətta ən çətin, pandemiyanın bütün dünya üçün bir bəla olduğu anda, ümumulli problem fonunda dövlət vətəndaşlarını qorumaq üçün məzuniyyətə çıxarsa da, əməkhaqqılarını ödəmək əzmindədir.
Bir məqamı da qeyd edək ki, bu prosesdə sahibkarlar dövlətə kömək olmalıdırlar. İlk növbədə yaranmış çətinliklərdən irəli gələrək işçilərini azad etməməklə. Prezident İlham Əliyev bu məsələ ilə bağlı deyib: “İndiki şəraitdə işçilərin ixtisarı bizim həmrəylik təşəbbüsümüzə zidd ola bilər”.
İdarəçiliyinin iki mühüm sütunu var: ədalətli rəhbər və möhkəm iqtisadiyyat. Bütün bu tədbirləri dövlət ona görə həyata keçirə bilir ki, Azərbaycanın iqtisadi siyasəti reallıq üzərində qurulub və mümkün təhlükələr nəzərə alınıb. Yəni iqtisadi qüdrətin ehtiyat rıçaqları mövcuddur. Müdrik idarəetmə, maddi imkanlar və vətəndaş birliyi istənilən maneənin, o cümlədən, Covid-19 infeksion virus epidemiyasının da dəf edilməsi üçün başlıca təminatdır.