Milli Televiziya və Radio Şurası (MTRŞ) teleradio yayımının fasiləsizliyinin təmin olunması üçün yayımçılara müraciət edib.
Şuradan Unikal.org-a daxil olan müraciətdə bildirilib ki, dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyasının ölkəmizdə geniş yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasında 24 mart 2020-ci il tarixindən elan olunmuş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq əhaliyə xüsusi zərurət olmadıqda evdən çıxmamaq tövsiyə olunub.
"Bu virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq Milli Televiziya və Radio Şurası Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün teleradio yayımçılarına, o cümlədən, kabel şəbəkəsi və İPTV operatorlarına əhalinin maarifləndirilməsi və bu məsələnin daim diqqətdə saxlanılması məqsədilə onlara teleradio yayımı sahəsində göstərdikləri xidmətlərin fasiləsizliyini təmin etmələrini tövsiyə edir", - deyə müraciətdə qeyd olunub.