“Bu gün səhər saatlarında əvvəlki günlərlə müqayisədə sıxlıq bir neçə dəfə az olub”.
Unikal.org xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Hərəkət xidmətinin rəisi Etibar İsayev ATV-nin canlı efirində məlumat verib.
O bildirib ki, Nazirlər Kabinetinin qərarına əsasən, Bakı Metropoliteni səhər saat 07:00-09:00 arası fəaliyyət göstərib:
“Səhər saat 07:00-da qatarlar işə başlayıb. Aidiyyəti üzrə saat 09:00-da metro stansiyalarına sərnişinlərin girişi dayandırılıb. Lakin son sərnişinlər mənzil başına çatdırılıb. Sərnişinlər arasında sıxlıq müşahidə edilməyib. İstənilən halda insanlar özləri də sanitar-gigiyenik normalara riayət etməlidir. Sıxlıq yaratmamalıdır. Bu gün metropolitenin fəaliyyətinin müvəqqəti də olsa, limitlənməsi dezinfeksiya tədbilərinin daha da aktiv aparılmasına şərait yaradıb. Metro stansiyaların fəaliyyəti bir də axşam saat 17:00-20:00 arası olacaq”.
Etibar İsayev onu da əlavə edib ki, qatarların intervalında dəyişiklik olmayıb:
“Sərnişinlər arasında nəzərə çarpacaq dərəcədə seyrəklik müşahidə edilir. Əvvəlcədən bu rejimin tətbiqi ilə bağlı məlumat daxil olub. Bunun əsasında hərəkət qrafiki tərtib etdik. Pandemiyadan əvvəl hansı qrafiklə çalışırdıqsa, o qrafiklə davam edəcəyik. Bu o deməkdir ki, “28 May” - “Həzi Aslanov” stansiyası arasında qatarlar 2,5 dəqiqə, “28 May”- “Dərnəgül”, “28 May” - “İçərişəhər” stansiyalarında isə beş dəqiqəlik intervalla qatarlar hərəkət edəcək.
“Cəfər Cabbarlı” və “Xətai” stansiyası eləcə də bənövşəyi xəttin “Memar Əcəmi”- “Avtovağzal” stansiyaları üzrə qatarlar hansı qrafiklə çalışırdısa, elə də davam edir”.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin gücləndirilməsilə haqqında qərarına əsasən bu gündən Bakı metrosu üçün yeni iş vaxtı müəyyən edilib. Martın 29-dan Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 arası olacaq. Azərbaycanda 29 mart saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilib.