Bəllidir ki, koronavirus infeksiyasının ölkədə yayılmasının qarşısını almaq məqsədilə Nazirlər kabineti yanında operativ qərargahın elan etdiyi xüsusi karantin rejiminə uyğun olaraq 65 yaşdan yuxarı şəxslərə evdən çıxmaq qadağan edilib. Bəs görəsən kimsəsiz ahılların, eləcə də Qocalar Evində, sosial sığınacaqlarda yaşayan ahılların xüsusi karantin rejiminə əməl etməsi, onların bu virusa yoluxmasının qarşısını almaq üçün hansı işlər görülür?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov Unikal.org-a açıqlamasında bildirib ki, hələ koronavirus təhlükəsi olandan Dövlət Sosial Müdafiə Fondunun tərkibindəki sosial xidmət müəssisələrində karantin rejimi tətbiq edilib. Həmin məkanlara kənar şəxslərin giriş-çıxışına tam məhdudiyyət qoyulub. Həmçinin ahılların sosial izolyasiyası üçün onların da müəssisədən kənara çıxması qadağan olunub”.
F. Talıbov deyir ki, son 3 gün ərzində Bakı və respublikanın bölgələri üzrə vətəndaşlar tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzinə sosial xidmətlərin göstərilməsi ilə bağlı 11543 müraciət daxil olub. Həmin vətəndaşlardan 1408-nin evlərində tək yaşayan yaşı 65-dən yuxarı şəxslər olduğu müəyyən edilib. Qeyd olunan şəxslər üçün sosial xidmətçilər təhkim edilib və onlara evlərində ehtiyac duyduqları sosial məişət xidmətlərinin göstərilməsinə başlanıb. Bu xidmətlərə ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. köməklik göstərilməsi daxildir. Sosial xidmətçilərlə yanaşı, könüllülər də bu işlərdə öz dəstəyini göstərirlər. Hazırda yaşı 65-dən yuxarı ümumilikdə 11 minədək tənha yaşayan şəxsə bu xidmətlər göstərilir.Onlardan 1 600-ü Bakı şəhərində, 8 500-ü isə ölkənin digər regionlarında məskunlaşan tənha şəxslərdir. Bu istiqamətə 1 400 sosial xidmətçi cəlb olunub. Sosial xidmətçilər də ahıllarımızın sayına uyğun olaraq 200-ü Bakıda, təqribən 1 200-ü isə regionlarda bu işlərə cəlb edilib”.
Fazil Talıbov: “Hələ koronavirus təhlükəsi olandan Dövlət Sosial Müdafiə Fondunun tərkibindəki sosial xidmət müəssisələrində karantin rejimi tətbiq edilib”
Nazirlik sözçüsü deyir ki, bununla bağlı ƏƏSMN tabeliyində Dost agentliyinin sosial işçiləri və dost könüllüləri tərəfindən bu şəxslərə evlərində sosial məişət xidmətləri göstərilir: “ 1 saylı DOST" Mərkəzinin sosial işçiləri və 30-dan çox könüllüsü ilə yanaşı ASAN könüllüləri, YAP könüllüləri, təhsil nazirliyinin bir ictimai könüllü birliyi və digər könüllü birlikləri bu proseslərə qoşularaq aktiv yardımlar göstərir. Hazırda Yasamal və Səbail rayonlarında sosial xidmətçilər tərəfindən risk qrupuna daxil olan şəxslərə sosial xidmətlər göstərilir”.
Fazil Talıbov bildirir ki, bəzi vətəndaşlarımız tənha yaşlılara göstərilən sosial xidmətlərlə bağlı yanlış təsəvvürə malikdirlər: “ Yaşı 65-dən yuxarı tənha insanlarımıza evlərində sosial xidmətlər göstərilir. Yalnız bu xidmətlərlə təmin olunmaq üçün həmin insanlar Nazirliyin 142 - Çağrı mərkəzinə zəng edərək qeydiyyata alınırlar. Lakin bəzi hallarda vətəndaşlarımız 142-yə zəng edərkən yanlış olaraq ərzaq yardımı və ya ödənişsiz taksi xidməti ilə təmin olunmaqla bağlı müraciət edirlər.
Bununla əlaqədar diqqətə çatdırırıq ki, sosial xidmətlər hər hansı ərzaq yardımı deyil.
Sosial xidmətlərə ev təsərrüfatı ilə bağlı işlərdə, öz vəsaiti hesabına ona lazım olan əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. kömək göstərilməsi daxildir".
F.Talıbov onu da əlavə edib ki, tənha şəxslərə ödənişsiz taksi xidməti göstərilməsi ilə bağlı fikirlər də tam əsassızdır: "Belə ki, ayrılmış avtomobillər və sürücülər tənha insanlara sosial xidmətləri yerinə yetirənlər, yəni sosial xidmətçilər və onlarla birgə işləyən könüllülər üçün nəzərdə tutulub. Bunda da məqsəd xidmətlərin göstərilməsində çevikliyi təmin etməkdir.
Ona görə də vətəndaşlarımızdan bu məsələlərlə bağlı diqqətli olmalarını, yalnız nəzərdə tutulan istiqamətlər üzrə 142-yə zəng etmələrini xahiş edirik. Səhv məlumatlara, şaiyələrə deyil, rəsmi məlumatlara inanın”.
Xatırladaq ki, yaşı 65-dən yuxarı tənha vətəndaşlara evlərində sosial xidmətlərin göstərilməsi ilə əlaqədar Nazirliyin 142 - Çağrı Mərkəzi də gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Qeyd edək ki, karantin rejimi ilə əlaqədar olaraq Prezident İlham Əliyevin çağırışına əsasən bəzi qurumlar da tənha ahıllardan öz dəstəyini əsirgəmir. Nəqliyyat, Rabitə və Yüskək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının könüllüləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial işçiləri ilə birlikdə tənha yaşayan ahıl vətəndaşlara yardım paylayıblar. Bir neçə gündür davam edən aksiya çərçivəsində bu dəfə Nizami rayonunda tənha yaşayan 180 ahıl sakinə yardım edilib. Ümumilikdə, bu qəbildən olan 320-dək rayon sakininə yardım göndərilməsi nəzərdə tutulub.
Yeni Azərbaycan Partiyasının (YAP) fəalları və könüllüləri koronavirusla mübarizə çərçivəsində Prezident İlham Əliyevin çağırışına dəstək olaraq "Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiyanı yüksək fəallıqla davam etdirirlər. YAP-dan bildirilib ki, mart ayının 21-dən start götürmüş aksiya çərçivəsində respublika üzrə mindən artıq partiya fəalı və könüllüsü iştirak edib. Onlar son 5 gün ərzində 2500-dən çox tənha və ahılları ziyarət edib, tibbi spirt, maska, əlcək və digər tibbi, gigiyenik vasitələr paylayıblar. Həmçinin vətəndaşlara bir daha gigiyena qaydalarına riayət olunmasının əhəmiyyətini çatdırır, özlərinin və yaxınlarının müəyyən edilimiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyini xatırladırlar. Aksiyanın keçirilməsində əsas məqsəd əhalinin sağlamlığını daim diqqətdə saxlayan Azərbaycan hökumətinin koronavirusun ölkə ərazisində yayılmasına qarşı həyata keçirdiyi operativ profilaktik və mübarizə tədbirlərinə, eyni zamanda, bu istiqamətdə aparılan maarifləndirmə işinə fəal dəstək göstərməkdir.
Qeyd edək ki, "Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiya mart ayının 29-dək davam edəcək. YAP Gəncə şəhər təşkilatının gənc fəalları Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması üzrə tədbirlərlə bağlı növbəti sosial layihəyə qoşularaq, tənha və ahıl sakinlərə yardım edirlər. Təşkilatdan bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edildiyi və bu tədbirlər çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğu üçün təşkilatın gənc fəalları, könüllüləri köməyə ehtiyacı olan şəhər sakinlərini gün ərzində evlərində ziyarət edirlər. Tənha və ahıl şəxslərə tibbi və gigiyenik vasitələr paylayan, sosial xidmətlər göstərən gənclər həmçinin onlara virusa yoluxmamaq üçün xüsusi qaydalara riayət etmələrini tövsiyə edir, gigiyena qaydalarına xüsusi diqqətlə yanaşmağın vacibliyini diqqətə çatdırırlar. Gənclər koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində tədbirlərdə yaxından iştirak etdiklərindən məmnun olduqlarını bildirib, tənha və yaşlı insanlara gündəlik sosial xidmətlərin göstərilməsində (dərman vasitələri, kommunal ödənişlərin edilməsi və s.) yaxından kömək edəcəklərini qeyd ediblər. Heydər Əliyev Fondu koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısınının alınması üzrə tədbirlər çərçivəsində sosial layihəyə başlayıb. Fonddan bildirdilər ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edildiyindən və bu tədbirlər çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) könüllüləri respublikanın bütün rayon və şəhərlərində bu qəbildən olan tənha yaşayan sakinlərə yardımlar edir. Xüsusi karantin rejimi dövründə yaşı 65-dən yuxarı olan və tənha yaşayan vətəndaşlara müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar çatdırılır. Həmçinin, dərman vasitələrinin alınması, evlərdə həkim müayinələrinin təşkil olunması kimi sosial xidmətlərin göstərilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, karantin rejimi müddətində 65 yaşdan yuxarı tənha şəxslər gündəlik zəruri sosial xidmət sahəsi üzrə müraciətləri ilə bağlı RİİB-in «150» qaynar xəttinə müraciət edə bilər.
Mələk Eyvazlı
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə yardımı əsasında hazırlanıb