Bakıdakı İ.Tağıyev adına 26 nömrəli tam orta məktəbin “Sağlam təhsil” sinfinin şagirdləri (sinif rəhbəri Aynur Abdullayeva) məktəblilərin gündəlik gigiyenik tələblərindən bəhs edən maarifləndirici video hazırlayıblar.
Unikal.org xəbər verir ki, video Təhsil Nazirliyinin “facebook” səhifəsində yerləşdirilib. Videoda ölkəmizdə yaranmış vəziyyətlə əlaqədar olaraq məktəblilərin gündəlik gigiyenik qaydalarında bəzi nüanslara diqqət yetirilib. Şagirdlər həmyaşıdlarına gigiyenik qaydalara ciddi əməl etməyi və diqqəti daha da artırmağı tövsiyə ediblər. Yəni, uşaq və yeniyetmələrin hər bir günü səhər 15-20 dəqiqəlik gimnastika ilə başlanmalıdır . Özünəxidmət qaydalarının (xüsusən də əllərin yuyulması, dezinfeksiyası) sayı artırılmalıdır, otaqların havası tez-tez dəyişdirilməlidir (ən azı gündəlik olaraq 3 dəfə).
Vəziyyətlə əlaqədar qida maddələrinə olan ehtiyac enerjiyə olan tələbatdan çoxdur. Çünki uşaqlar idman zallarından, parklardan, təcrid olunublar. Bu baxımdan uşaqların qidalanmasına xüsusi önəm verilməlidir. Maye, meyvə-tərəvəz, ağartı məhsulları üstünlük təşkil etməlidir. Uşaqlar üçün televiziyaya, videooyunlara və kompüterə ayrılan vaxt dəqiq təyin edilməlidir. Çünki həddindən artıq oturaq həyat tərzi hipodinamiya fonunda bir çox xəstəliklərə başlanğıc verə bilər. Uşaqların evdə dərs saatlarına ayrılan vaxt ilə əyləncəli oyunlar (şahmat, domino) növbələşdirilməlidir. Bu, uşaqların həddindən artıq zehni yüklənmələrinin qarşısını alacaq, o cümlədən öyrəndiklərinin yaxşı mənimsənilməsinə müsbət təsir göstərəcək.
Unutmayaq, əgər özümüz sağlam həyat tərzi sürürüksə, bunu uşaqlara öyrətmək daha asan olacaq.