Məcburi köçkün yataqxanalarının dezinfeksiyası üçün müraciətlər edilir
Koronavirus (COVID - 19) pandemiyasının yayılması ilə əlaqədar sosial cəhətdən qayğıya ehtiyacı olan, həssas təbəqənin sağlamlığının qorunması istiqamətində işlər davam edir. Bu günlərdə iqtisadçı alim Qubad İbadoğlu bildirib ki, koronavirusun yayılma ehtimalının ən çox olduğu məkanlardan biri də yataqxanalardır: “Bu yataqxanalarda hamam və mətbəx ümumi istifadədə olduğuna görə virusun süərtlə yayılma ehtimalı çox yüksəkdir. Risk dərəcəsi yüksək olan yataqxanalar boşaldılmalı onlar müvəqqəti olaraq mehmanxanalarda yerləşdirilməlidir. Avropa ölkələrində yataqxanaları koronavirusun yayılma ehtimalı yüksək olduğuna görə boşaldırlar. Azərbaycanda isə Yasamalda və Dərnəgüldəki yataqxanalarda yaşayan məcburi köçkünlər, eləcə də Sumqayıt BTZ-nin 1 saylı yataqxanasında məskunlaşanlar yüksək risk zonasına daxil edilməlidir. Bu yataqxanalarda hamam və mətbəx ümumi istifadədə olduğuna görə virusun sürətlə yayılma ehtimalı çox yüksəkdir. Hesab edirəm ki, əlaqədar orqanlar təcili tədbirlər görməlidir. Risk dərəcəsi yüksək olan yataqxanalar boşaldılmalı onlarda məskunlaşan sakinlər müvəqqəti olaraq mehmanxanalarda yerləşdirilməlidir”.
Bəs görəsən məcburi köçkülərin məskunlaşdığı yataqxanalarda bu istiqamətdə hansı işlər aparılır?
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev deyir ki, qurum dezinfeksiya aparmır. Məcburi köçkünlərin məskunlaşma yerləri, yataqxanalar başqa qurumların nəzdində olduğundan,Komitə həmin yataqxanaların dezinfeksiyası üçün müraciət edir: “Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, koronavirus (COVID - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə paytaxtda məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində dezinfeksiya tədbirləri davam etdirilir. Belə ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi paytaxt ərazisində məcburi köçkünlərin sıx məskunlaşdığı bütün bina və tikililərdə dezinfeksiya işlərinin aparılması üçün Səhiyyə Nazirliyinə, “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nə, şəhər və rayon icra hakimiyyətlərinə müraciət edib.
Komitə aparatının müvafiq şöbəsi və yerli sektorlar dezinfeksiya işlərinin gedişini diqqətdə saxlayır, məcburi köçkünlərin bu məsələ ilə bağlı hər bir müraciətinə həssaslıqla yanaşır, zəruri tədbirlər həyata keçirirlər. İndiyədək Bakı şəhərinin bütün rayonlarında məcburi köçkünlərin sıx məskunlaşdığı bina və tikililərdə dezinfeksiya işlərinin aparıldığı bildirilir. Dezinfeksiya işləri ümumi istifadə yerlərində, girişlərdə və onların ətrafında, məişət tullantılarının atıldığı konteyner meydançalarında aparılıb.
Bundan başqa, xəstəliyə yoluxma hallarına yol verilməməsi və infeksiyanın yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə məcburi köçkünlərdən Operativ Qərargahın müəyyən etdiyi xüsusi karantin rejiminə və özünütəcridə əməl etmək, əhalinin təhlükəsizliyinin qorunması məqsədilə dövlətimizin həyata keçirdiyi tədbirlərə dəstək vermək tövsiyə edilir.
Onu da xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 dekabr tarixli 200 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması Qaydası”nın 6-cı bəndinə əsasən, məcburi köçkünlərin müvəqqəti məskunlaşdırıldığı binaların saxlanılması, təmiri, bərpası ilə əlaqədar məsələlər həmin binaların balansında olduğu idarə, müəssisə, təşkilatlar, habelə yerli şəhər və rayon icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir”.
Həmsöhbətimiz deyir ki, 2024-cü ilə qədər Yol Xəritəsinə uğun olaraq 24 minə yaxın yataqxana və bu tip müvəqqəti məskunlaşma yerlərində olan məcburi köçkünlər müasir evlərə köçürüləcək.
Qeyd edək ki, məcburi köçkünlərin məskunlaşdığı yataqxanaların bir qismi də rayon icra hakimiyyətlərinin balansındadır. Səbail Rayon İcra Hakimiyyətindən bildirdilər ki, koronavirusa yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində 1153 nəfər məcburi köçkünün məskunlaşdığı 12 binada dezinfeksiya işləri aparılıb. Rayon icra hakimiyyətindən bildirildi ki, binaların ümumi istifadə yerlərində, giriş blokları və onların ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında dezinfeksiya tədbirləri görülüb.Eyni zamanda, xəstəliyə yoluxma hallarına yol verilməməsi və infeksiyanın yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur.
Qazaxda Qazaxbəyli kəndində məcburi köçkünlərin məskunlaşdığı yeni qəsəbədə də koronavirus əleyhinə dezinfeksiya işləri aparılıb. Qazax Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tibbi-profilaktik və dezinfeksiya tədbirləri respublikamızın hər yerində olduğu kimi, Qazaxda da davam etdirilir: “Bu gün növbəti dezinfeksiya işləri mənfur ermənilər tərəfindən işğal altında olan rayonun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Yuxarı Əskipara və Aşağı Əskipara kəndlərinin sakinləri üçün Qazaxbəyli kəndində salınmış yeni qəsəbədə aparılıb.304 ailənin, 1167 nəfər sakinin yaşadığı qəsəbədə Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən koronavirus infeksiyasına qarşı qabaqlayıcı tədbirlər görülüb. Belə ki, dördmərtəbəli 10 binanın 23 bloku, eləcə də qəsəbədə yerləşən digər inzibati binalar, qazanxana, su nasos stansiyası, həyətdə sakinlərin istirahəti üçün nəzərdə tutulan 23 ədəd söhbətgah, əlavə oturacaqlar suya xüsusi dezinfeksiyaedici maddələr qatılmaqla dərmanlanıb”
Mingəçevir şəhərində də dezinfeksiya işləri davam etdirilir. Bu gün də köçkün şəhərciyində küçələr, hündürmərtəbəli yaşayış binaların girişləri və pilləkən qəfəsləri dezinfeksiya edilib.
Amma paytaxtda hələ də dezinfeksiya olunmasını gözləyən yataqxanalar da var. Dərnəgül ərazisində yerləşən Nəsirəddin Tusi adına 3 nömrəli yataqxana sakinləri yataqxananın şəraitsizliyindən və yeni növ koronavirusun yayıldığı dövrdə həyati təhlükələrinin olmasından narahatdırlar. Yataqxananın sakinləri deyir ki, lazımi qurumlardan heç olmasa bir dəfə gəlib yataqxananı dezinfeksiya etməsini tələb edirlər: "Yataqxana 5 mərtəbədən ibarətdir, hər mərtəbədə isə 25 ailə yaşayır. Yataqxana bərbad vəziyyətdədir, içərisində antisanitariya hökm sürür. Hər yeri dezinfeksiya edirlər, insanların çox olduğu yerlərə getməyin deyirlər, metroları, avtobusları dərmanlayırlar, bəs yataqxanalarda yaşayan sakinləri niyə düşünmürlər? Hər evdə 4-5 nəfər eyni vanna otağından istifadə edir. Bir nəfərə virus düşsə hamı tutacaq vəziyyətdədir. Azyaşlı uşaqlara yazıqdır".
Sakinlər spirt və maskadan istifadə etdiklərini desələr də narahat olduqlarını bildiriblər: " Bizim də şəxsi evimiz olsa qapını bağlayıb oturarıq evimizdə. Amma burada məcbur hər kəs ümumi vanna otağından istifadə edir. Əlimizdən gəldiyi qədər ətrafı təmizləyirik, spirt və maskadan istifadə edirik. Bir istəyimiz var lazımi qurumlar yataqxanaya gəlib bir dəfə dezinfeksiya eləsinlər, biz də rahat olaq".
Mələk Eyvazlı
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə əsasında hazırlanıb