Azərbaycanda sosial kirayə müqaviləsi əsasında yaşayış sahələrinin verildiyi əhali kateqoriyasına aztəminatlı gənclər də daxil edilir.
Unikal.org-un məlumatına görə, bu, Mənzil Məcəlləsinə edilən yeni dəyişiklikdə öz əksini tapıb.
Məcəlləyə əsasən, Azərbaycanda sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə də sosial kirayə müqaviləsi əsasında dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri veriləcək.
“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna əsasən, sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə aid olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri veriləcək.
Qanun layihələri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.