“Mən özüm də hazırda evimdəyəm. Millət vəkili kimi seçicilərimlə on-line və telefonla əlaqə saxlayıb, işlərimi görürəm. Yalnız lazım olduğu təqdirdə evdən çölə çıxıram. Ona görə də karantin tələblərinə hər bir Azərbaycan vətəndaşı və ölkəmizdə yaşayan digər şəxslər riayət etməlidirlər". 

Bu sözləri Unikal.org-a açıqlamasında deyən Şeyxülislam Hacı Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadə koronavirus pandemiyası ilə əlaqədar vətəndaşları evdə qalmağa çağırıb: 

"Əgər vaxtında cənab prezident İlham Əliyev tərəfindən koronavirus pandemiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə aparılan təxirəsalınmaz tədbirlər həyata keçirilməsəydi, bu bəla ölkəmizi bürüyərdi. Görürsünüz ki, hazırda Avropa ölkələri bu pandemiyanın qarşısında əlacsız vəziyyətdə qalıb. Prezident İlham Əliyev də bu istiqamətdə bütün lazımi tapşırıqları verib. Ölkə başçısı da hər bir vətəndaşı lazım olmadığı təqdirdə çölə çıxmamağa və evdə qalmağa çağırıb. Belə olacağı təqdirdə bu virusun qarşısı tez bir zamanda alınacaq. Mən də istərdim ki, cəmiyyət, xalq səmimi olsun, cənab Prezidentin verdiyi tapşırıqları, bu istiqamətdə qəbul olunan qanun və qərarlara riayət etsinlər. Fərqi yoxdur yaşlı, azyaşlı və yaxud cavan. Bəziləri fikirləşir ki, cavandır və sözügedən xəstəlik onu tutmaz. Amma bu belə deyil. Biz dünyada bu xəstəliyin yaratdığı fəsadları və insan ölümünə səbəb olmasını görürük. Ölənlər arasında uşaqlar, cavanlar və yaşlılarda var. Hər birimiz bu bəladan qurtulmaq üçün bir-birimizə dəstək olmalıyıq”.

C.Paşazadə sosial vəziyyəti ağır olan insanları da narahat olmamağa səsləyib:  

“Hazırda dövlət tərəfindən bütün lazımı tədbirlər həyata keçirilir. Həmişəki kimi, aztəminatlı insanlarımıza dəstək veriləcək. Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün iqtisadi dəstək proqramları işə salınıb. Burada məqsəd yenə də insanlardır. İnsanlar işlərini itirməsin deyə şirkətlərə dəstək veriləcək. Bu, çox gözəl addımdır. Bunun ikinci tərəfi də var. Bəzi insanlar var ki, onlar hər hansı bir şirkətdə deyil, günəmuzd əməklə məşğul olurlar. İndi onların əksəriyyəti işsiz qalıb. Həmin şəxslərə də dövlət tərəfindən hər hansısa bir formada dəstək olacaq”.

Amid