Prezident İlham Əliyevin rəhbərliyi ilə azərbaycanda çoxşaxəli islahatlar aparılır. Bütün sahələrdə aparılan islahatlar təbii ki, məhkəmə hüquq sistemini də əhatə edir.
Prezident İlham Əliyevin 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanı məhkəmələ hüquq sisteminin inkişafına səbəb olacaq, məhkəmələrə olan inamı artıracaq. Fərmanda bir sıra fundamental məsələlərlə yanaşı kommersiya məhkəmələrinin yaradılması da yer alır.
İnkişaf etmiş bütün ölkələrdə vergi ödəyicilərinə xüsusi diqqətlə yanşılır. Bu səbəbdən də özəl sektoun inkişafı prioritet sayılır və sahibkarların fəaliyyətinin asanlaşdırılması üçün addımlar atılır.
Dövlət başçısının fərmanına əsasən yaradılan kommersiya məhkəmələri sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin edir.
Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanın icrası ilə əlaqədar “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik edilib.
Milli Məclisin 2019-u il iyunun 13-də keçirilən növbədənkənar xüsusi sessiyasında qanun layihəsi I oxunuşda müzakirə olunaraq qəbul edilib.
Dəyişikliklə kommersiya məhkəmələrinin yaradılması, iş mexanizmi müəyyənləşib.
Qanun nə deyir?
Qanuna əlavə edilən 46.1-ci maddəyə əsasən, kommersiya məhkəmələri birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxır.
Kommersiya məhkəməsi məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, təcrübəsini öyrənir və ümumiləşdirir, ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.
Kommersiya məhkəməsi sədr və hakimlərdən ibarət olacaq. Kommersiya məhkəməsində 12 və daha çox hakim ola bilər. Kommersiya məhkəməsində sədr müavini vəzifəsi təsis edilir. Hakimlərin sayı Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən edilir.
Belə ki, kommersiya məhkəmələrinin sədrləri də ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin sədrləri kimi Ali Məhkəmə sədrinin vəzifə maaşının 80%-i həcmində - 1824 manat maddi təminat alacaq.
Dövlət başçısının19 iyul 2019-cu il tarixli sərəncamı ilə isə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi, Bakı Kommersiya Məhkəməsi, Gəncə Kommersiya Məhkəməsi, Sumqayıt Kommersiya Məhkəməsi, Şirvan Kommersiya Məhkəməsi, Şəki Kommersiya Məhkəməsi yaradılıb.
Bu məhkəmələrdə sırf sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə baxılacaq. Kommersiya məhkəməsi məhkəmə statistikasını təhlil edəcək, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, məhkəmə təcrübəsini öyrənəcək və ümumiləşdirəcək, Azərbaycan qanunları ilə ona aid edilən digər səlahiyyətləri həyata keçirəcək.
Biznes mühitinin yaxşılaşdırılması
Ekspertlər hesab edirlər ki, kommersiya məhkəmələrinin yaradılması məhkəmə-hüquq sistemindəki islahatların yeni mərhələsidir. Artıq iqtisadi sahədə olan məsələlərə kommersiya məhkəmələrində baxılacaq. Belə məhkəmələr biznes mühitinin yaxşılaşdırılması üçün önəmli faktor hesab olubnur.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Report”a deyib ki, Azərbaycanda aparılan islahatlar sahibkarlığın inkişaf etdirilməsinə xidmət edir. Qeyri-neft sektorunun inkişafı sahibkar-dövlət münasibətlərinin yeni mərhələyə qədəm qoyması deməkdir. Sahibkarların qarşılaşdığı problemlərin daha tez, əhatəli həlli tələb edilir”.
Komitə sədrinin sözlərinə görə, təcrübə göstərir ki, sahibkarların vaxtının az hissəsini məhkəmələrə, çox hissəsini isə öz işlərinə sərf etməsi daha çox fayda verə bilər: “Bu, yeni ideyaların tətbiqinə, istehsalın, ixracın artmasına səbəb olur. Dünyanın bir çox ölkələrində ixtisaslaşmış məhkəmələr fəaliyyət göstərir. Ümumi məhkəmələrdə sahibkarların işinə baxılarkən bu sahədə dərin biliklərə malik olmayan hakimlərin dəqiq qərar verə bilməmələri müəyyən çətinliklər yaradır, müddətin uzanmasına səbəb olurdu. Təbii ki, bu nəticədə sahibkarlıq fəaliyyətini ləngidir, xarici investorların artmasının qarşısını alır. Bu baryerlər bötövlükdə ölkə iqtisadiyyatının inkişafına əngəl olur”.
T.Mirkişili qeyd edib ki, Azərbaycanda kommersiya məhkəmələrinin yaradılması aparılan islahatların yeni mərhələsidir: “İxtisaslaşmış məhkəmənin yaradılması, hakimin olması sahibkarlığın inkişafının yeni mərhələsinə dəstəkdir. Sahibkarlıq inkişaf edir, belə olan təqdirdə ixtisaslaşmış məhkəmələrə ehtiyac yaranır. Hüquqi və iqtisadi islahatların paralel aparılması iqtisadiyyatın inkişafı üçün mühüm şərtlərdəndir. Məhkəmə son mərhələdir. Yəni mübahisələrin məhkəmə müstəvisinə çıxarılana qədər həllinə çalışmaq lazımdır. Sahibkarlar işini düzgün qurmaqla mübahisələrin məhkəmə müstəvisinə çıxmamasına çalışmalıdırlar”.
İş yükü balanslaşdırılacaq
Hüquq üzrə elmlər doktoru Nazim Əliyev bildirib ki, kommersiya məhkəmələri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mülki mübahisələrə baxmaqla mülki prosessual normaları rəhbər tutacaq: “Bundan əlavə, prosessual qanunvericiliyə edilən dəyişikliklər nəticəsində kommersiya məhkəmələrinin aidiyyətinə həmçinin sahibkarlıq fəaliyyəti subyektlərinin maraqlarına toxunan və hazırda rayon və şəhər məhkəmələri tərəfindən baxılan bir sıra digər kateqoriyalara daxil olan işlər də aid ediləcək. Rayon və şəhər məhkəmələri isə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan bütün digər mübahisələrə dair işlərə baxacaqlar. Kommersiya məhkəmələrinin yaradılması ilə sahibkarların hüquqlarının təmin edilməsinin səmərəliliyini artırmaqla bütövlükdə ölkədə biznes mühitinin inkişafına önəmli töhfə verə biləcyi proqnozlaşdırılır. Üstəlik, ayrıca inzibati və kommersiya məhkəmələrinin yaradılması həm onlarda ixtisaslaşmanın artırılmasına şərait yaradacaq, həm də rayon və şəhər məhkəmələrinin üzərinə düşən iş yükünün müəyyən dərəcədə azaldılmasına imkan verəcək ki, bununla da bütövlükdə məhkəmə sistemində iş yükünün daha balanslaşdırılmış olmasına yardım edəcək”.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, millət vəkili Vüqar Bayramov diqqətə çatdırıb ki, Azərbaycan yeni dövrün çağırışlarına uyğun olaraq biznes sahəsində müşahidə edilən problemlərin aradan qaldırılması üçün yeni məhkəmə sistemi formalaşdırır: “Bu, o deməkdir ki, artıq iqtisadi məsələlərə kommersiya məhkəmələrində baxılacaq. Məhkəmələrdə sahibkarların işinə baxılması prosesində müəyyən problemlər olub. Bura mübahisələrə obyektiv yanaşılmama, mübahisəli işlərə baxılmanın müddətinin uzanması və s. məsələlər daxildir. Qeyri-neft sektorunun inkişafı üçün ixtisaslaşmış məhkəmələrə ehtiyac var idi. Belə məhkəmələr biznes mühitinin yaxşılaşdırılması üçün vacibdir. Dünya Bankı hesab edir ki, biznes mühitinin daha da təkmilləşdirilməsi üçün məhkəmələrdə iş adamlarının müraciətlərinə daha qısa vaxtda və obyektiv şəkildə baxılmalıdır”.
Prosedur qaydalar sadələşdirilir...
Vüqar Bayramov qeyd edib ki, kommersiya məhkəmələrinin yaradılması ilə prosedur qaydalar sadələşdirilir: “Bu, həm də şəffaflığın gücləndirilməsi baxımından vacibdir. Ölkədə aparılan islahatların tərkib hissəsi şəffaflığın təmin olunmasıdır. Şəffaflığın gücləndirilməsi iş adamların fəaliyyətinə dəstək olacaq. Kommersiya məhkəmələrinin yaradılması iş adamlarının hüquqlarının qorunmasına xidmət edir”.
Millət vəkili Vahid Əhmədov isə hesab edir ki, kommersiya məhkəmələri "sahibkarların işini yüngülləşdirmək və onların öz məsələlərini məhkəmələrdə daha rahat həll edə bilmələri üçün" yaradılıb: “Məhkəmələrdəki işlər çox olduğu üçün çatdırmaq çox çətindir. Ona görə də iqtisad məhkəmələrindən əlavə kommersiya məhkəmələri ona görə yaradılıb ki, sahibkarların işi yüngülləşdirilsin. İqtisadi və kommersiya məhkəmələrinin səlahiyyətləri fərqli olsa da, statusu eynidir, bu instansiyanın qərarları ilə razılaşmayanlar Apellyasiya Məhkəməsinə və daha sonra Ali Məhkəməyə apellyasiya verə biləcəklər”.
Millət vəkili Cavid Osmanov diqqətə çatdırıb ki, kommersiya məhkəmələrinin yaradılması sahibkarların hüquqlarının qorunması istiqamətində atılan addımdır: “Bu, konkret olaraq Azərbaycan vətəndaşının hüquqlarının qorunmasını təmin edir”.
Hüseyn İsgəndərov
Yazı "Ədliyyə Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının birgə "Məhkəmə-hüquq islahatları: müasir çağırışlar və innovativ təcrübələr" mövzusunda KİV təmsilçiləri arasında keçirilən jurnalist araşdırmaları müsabiqəsinə təqdim olunur