Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadiyyat nazirlərinin iştirakı ilə keçirdiyi iclasda dövlət başçısının sosial sahə ilə bağlı tapşırıqlarının icrası istiqamətində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində videobağlantı formasında kollegiya iclası keçirilib.
Unikal.org-a daxil olan məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, bu il həssas qruplarla bağlı nəzərdə tutulmuş bütün sosial proqramlar, eləcə də sosial müdafiə və aktiv məşğulluq proqramlarının genişləndirilməsi ilə bağlı planlar tam icra olunacaq. Xüsusi karantin rejimi bitdikdən sonra şəhid ailələrinə və müharibə əlillərinə yeni alınmış mənzillərin verilməsinə başlanacaq, bu il onlara 1500 mənzil verilməlidir, həmçinin müharibə əlillərinə avtomobillərin verilməsi işləri də davam edəcək.
Nazir qeyd edib ki, Prezidentin tapşırığına uyğun olaraq, ünvanlı dövlət sosial yardımı proqramının genişləndirilməsi işləri davam edir. Təkcə aprel ayında əlavə olaraq 10 min ailə bu proqramla əhatə olunub, ünvanlı yardım alan ailələrin sayı 80,5 minə (335 min ailə üzvü) çatıb və bu artım dinamikası davam edir. Bununla bərabər, ünvanlı yardımın təyinatı şərtlərinin yumşaldılması, sosial yardımın alınması ilə bağlı müraciət prosedurunun aztəminatlı insanlar üçün daha rahat və sadə olması üçün qanunvericiliyə dəyişiklik layihələri də artıq aidiyyəti üzrə təqdim edilib.
Dövlət başçısının tapşırığı ilə ödənişli ictimai işlər proqramının genişləndirildiyini vurğulayan nazir bu işlərə cəlb edilənlərin sayının 2,4 dəfə artırılaraq 37 mindən 90 minə çatdırılması işlərinin aparıldığını deyib. O, son bir neçə gündə 37 mindən əlavə 14 minədək şəxsin də ödənişli ictimai işlərə cəlb olunmaqla, bu işlərə cari ildə cəlb olunanların sayının artıq 51 minə çatdığını qeyd edib. Bu istiqamətdə ciddi nəzarət tədbirlərinin gücləndirilməsinin də vacibliyini vurğulayıb, bununla əlaqədar müvafiq struktur bölmələrinə tapşırıqlarını verib.
İclasda Prezident İlham Əliyevin sosial sahə ilə bağlı tapşırıqlarının icrası istiqamətində görülən işlər və qarşıda duran vəzifələr ətraflı müzakirə olunub, nazir tərəfindən aidiyyəti tapşırıqlar verilib.