Dünyanın ən nüfüzlu reytinq təşkilatlarından biri olan Times Higher Education (THE) 22 apreldə 2020-ci il üçün “THE İmpact Ranking” reytinqini açıqlayıb.
Unikal.org xəbər verir ki, dünya universitetlərinin fəaliyyətini Birləşmiş Millətlər Təşkilatının 17 Dayanaqlı İnkişaf Məqsədləri (DİM) üzrə ölçən bu reytinqdə UNEC (Azərbaycan Dövlət İqtisad Universiteti) dünya universitetləri arasında 619-cu (601+), Azərbaycan üzrə isə birinci yerə yüksəlib.
UNEC ən yaxşı nəticəni 17 məqsəddən 8-cisi olan “Layiqli əmək və iqtisadi artım” hədəfi üzrə əldə edib. Bu hədəf üzrə fəaliyyətinə görə UNEC dünyanın ən yaxşı 300 (201-300) universiteti sırasına daxil olub.
“Keyfiyyətli təhsil” məqsədi üzrə dünyanın ən yaxşı 401-600 universiteti sırasında qərarlaşan UNEC, möhkəm infrastrukturun yaradılması, inklüziv və dayanıqlı sənayeləşmənin təşviqi və innovasiyaların inkişafına dəstəyi ölçən “Sənaye, innovasiya və infrastruktur” məqsədi üzrə 401+, eləcə də, “Məqsədlər üçün tərəfdaşlıq” məqsədi üzrə dünya universitetləri arasında 401-600-cu ən yaxşı universitetlər sırasındadır.