Nazirlər Kabineti yanında Operativ Qərargahı ölkədə karantin rejiminin yumşaldılması ilə bağlı məlumat yayıb.

Unikal.org-a daxil olan məlumatda bildirlir ki, 2019-ci ilin dekabr ayından yayılan yeni növ koronavirus (COVID-19) xəstəliyi 2020-ci ilin mart ayından Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyada pandemiya elan olunmuşdur. COVID-19 ilə mübarizə sahəsində hazırda əksər dövlətlərdə karantin rejimi tətbiq olunsa da, mövcud məhdudiyyətlər sanitar-epidemioloji vəziyyətə uyğun olaraq yumşaldılır, karantin rejimindən mərhələli çıxış mexanizmləri tətbiq edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 aprel 2020-ci il 144 saylı qərarı ilə ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin müddəti uzadılmışdır. COVID-19 virusu ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xüsusilə də xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa yoluxma halları təhlil edilmiş və 27 aprel 2020-ci il tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilmişdir.