Hazırda 14 koronaviruslu xəstə reanimasiyada müalicə alır. Onlardan 6-nın vəziyyəti ağırdır, 8 nəfər isə süni nəfəs aparatına qoşulub.
Unikal.org xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin sərəncamı ilə COVİD-19 infeksiyası ilə mübarizədə iştirak edən tibb işçilərinin əmək haqlarına müvəqqəti əlavələr edilib.
TƏBİB sədri qeyd edib ki, karantin rejimi ilə xəstəliyin yayılmasının qarşısı alınıb: "Virusun xaricdən idxalının qarşısının alınması üçün sərhədlər bağlanıb, sosial izolyasiya tədbirləri görülüb, xüsusi karantin rejimi elan edilib. Xüsusi karantin rejimi 4 may tarixinə qədər uzadılıb. Lakin bugünkü qərarla bəzi yumşaldılmalar olub”.
R.Bayramlı, həmçinin bildirib ki, karantin tədbirlərinin tam aradan qaldırılması ilə ikinci dalğa başlaya bilər. “Əhalinin kütləvi yoluxması nəticəsində reanimasion tələb edən hallar arta bilər. Xəstəlik hələ bitməyib və ən böyük təhlükə qarşıdadır. Bizim üzərimə sosial məsuliyyət düşür. Yoluxmanın yayılmasının nəzarət altında saxlanılması vacibdir. Qətiyyən arxayınlaşmamalıyıq. Düşmənin bir nəfəs qədər yaxın olduğunu fikrimizdən çıxartmamalıyıq”.