Aprelin 24-də Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov inzibati ərazi dairə nümayəndələri ilə koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin səmərəliliyinin artırılması və kənd təsərrüfatı işlərinin gedişi ilə bağlı video-konfrans keçirib.
Unikal.org xəbər verir ki, konfransda çıxış edən Ceyhun Cəfərov dünyada sürətlə yayılan koronavirus pandemiyasından əhalinin qorunması üçün ölkəmizdə Cənab Prezidentimizin rəhbərliyi altında atılan uğurlu addımlardan danışdı. Eyni zamanda rayonun yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına və karantin rejimi dövründə maddi yardıma ehtiyacı olan ailələrə dəstək göstərilməsini diqqətə çatdırdı.Bildirdi ki, rayon ərazisində xüsusi karantin rejimi dövrü bitənədək təmizlik və dezinfeksiya işləri tələblərə riayət edilməklə yüksək səviyyədə aparılmalı,açıq ərazilərin təmizliyi nəzarətdə saxlanılmalı, yaşayış binalarının girişləri, pilləkən qəfəsələri, həyətyanı sahələr hər gün təmizlənməli və dezinfeksiya edilməlidir. Bütün ödəniş terminalları, bankomatlar isə hər gün bir dəfədən az olmayaraq dezinfeksiya edilməli, sərnişindaşıma xidməti göstərən bütün növ avtonəqliyyat vasitələrinin dezinfeksiya olunması xüsusi nəzarətdə saxlanılmalıdır.
Konfransda rayonda kənd təsərrüfatı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən də danışan İcra başçısı bildirib ki, Cənab Prezident İlham Əliyevin respublikada kənd təsərrüfatının və sahibkarlığın inkişafı, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması istiqamətində verdiyi tapşırıq və tövsiyyələr Kürdəmir rayonunda da uğurla icra olunur .Qeyd edib ki, ölkəmizdə koronavirusun yayılmasının qarşısının alınması üçün tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq Nazirlər Kabinetinin kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkətinin təşkili ilə bağlı təlimatına əsasən, fermerlərin xüsusi karantin rejimi qaydalarına riayət etməklə təsərrüfat fəaliyyəti ilə məşğul olması sərbəstdir. Fermerlər kənd daxilində təsərrüfat fəaliyyəti ilə məşğul olmaq üçün sərbəst hərəkət edə bilərlər. Əgər fermerin təsərrüfat işləri ilə əlaqədar başqa kəndə, rayon mərkəzinə getməsi labüddürsə, bunun üçün yerli icra hakimiyyəti orqanının ərazi icra nümayəndəliyindən müvafiq arayış almalıdır.
Dövlət başçısının ölkəmizdə baramaçılığın inkişafı ilə bağlı verdiyi sərəncam, tapşırıq və tövsiyələrin də Kürdəmir rayonunda uğurla icra olunduğu bildirən İcra Başçısı vurğulayıb ki, bu sahədə görülən məqsədyönlü işlərin nəticəsidir ki, rayonumuzda barama istehsalı da ildən-ilə artır. Rayon rəhbəri bu ildə yüksək məhsul əldə etmək üçün barama saxlanılacaq yerlərin əvvəlcədən hazırlanması, lazım olan bütün tədbirlərin vaxtında görülməsi, kümçülərə lazımi köməkliyin göstərilməsi, baramaqurdunun sağlam şəraitdə inkişaf etdirilməsi üçün lazımi tədbirlərin görülməsi barədə aidiyyəti şəxslərə lazımi tapşırıq və tövsiyələrini verdi.
Cari ildə Kürdəmir rayonunda pambıq əkinində uğurlu nəticə əldə etmək üçün görülən işlər barədə danışan Ceyhun Cəfərov əkin sahələrinin vaxtında suvarılması, mineral gübrələr, dərmanlar, herbisid, pestisidlərlə təmin edilməsi, texnika ilə təminat kimi məsələlər barədə tapşırıqlarını diqqətə çatdırıb, pambıqla yanaşı digər kənd təsərrüfatı bitkilərinin səpini və becərilməsi ilə bağlı lazımi tapşırıq və tövsiyələrini verdi.
Sonda çıxış edən icra nümayəndələri mövcud problemlər barədə Rayon İcra Hakimiyyətinin Başçısına məlumat verdilər.