Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız bəşəriyyəti bürüyən bu bəladan Azərbaycan xalqının xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.
Unikal.org Prezidentin saytına istinadla dövlətimizin başçısına ünvanlanan daha bir neçə məktubu təqdim edir.
Qubadlı rayonundan məcburi köçkün Tünzalə Hüseynova yazır: “Möhtərəm cənab Prezidentim, bütün dünyanı saran pandemiya dövründə Azərbaycan xalqının sağlamlığını siyasətinizin ən prioritet istiqaməti etdiyiniz üçün Sizə dərin təşəkkürümü bildirirəm. Ən güclü dövlətlərin belə qarşısında aciz qaldığı pandemiya dövründə Azərbaycanın idarəçiliyinin etibarlı əllərdə olduğu bir daha sübut olundu. Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə pandemiyanın miqyasının məhdudlaşdırılması istiqamətində uğurlu addımlar atıldı. Artıq dünya dövlətləri bizim təcrübədən bəhrələnir. Cənab Prezident, hər bir vətəndaşımızı düşünərək qəbul etdiyiniz bütün qərarlarınızı dəstəkləyirik. Biz birlikdə güclüyük!. Güclü Azərbaycanın layiqli lideri, Allah Sizi və ailənizi qorusun!”.
Ağdam rayonunun Çəmənli kəndindən Röyal Quliyev: “Çox hörmətli cənab Prezident, mənim 28 yaşım var. Bu müraciəti cəbhə bölgəsi olan Ağdam rayonunun Çəmənli kəndindən böyük qürur hissi ilə yazıram. Yürütdüyünüz uzaqgörən siyasət nəticəsində ölkəmizin iqtisadi inkişafı və xalqın rifahı gündən-günə yaxşılaşır. Bütün bu işləri eyni vaxtda görmək əsl qəhramanlıqdır. Bu səbəbdən Sizi yorulmaz lider hesab edirəm. İnanıram ki, bu qüvvəti, gücü Sizə xalqın sonsuz inamı və sevgisi verir. Cənab Prezident, ölkəmizin inkişafı naminə misilsiz fəaliyyətinizə görə Sizə dərin təşəkkürümü bildirirəm. Azərbaycan xalqının taleyüklü məsələlərinin həlli ancaq Sizin qətiyyətli mövqeyiniz sayəsində mümkündür. Sizin dünya azərbaycanlıları üçün gördüyünüz möhtəşəm işlər bütün xalqımız tərəfindən alqışlanaraq heyranlıqla izlənilir. Pandemiya ilə əlaqədar dünya ölkələrinin həyata keçirə bilmədikləri tədbirləri Siz vaxtında, çevik, ardıcıl və uğurlu şəkildə reallaşdıraraq xalqımızı bu bəladan xilas edəcəyinizə inanırıq. Tapşırıqlarınıza və sərəncamlarınıza əsasən vətəndaşlarımıza göstərilən maddi və mənəvi yardımlar ürəkaçandır. Möhtərəm Prezident, Siz xalqın xilaskarı olmaq missiyasını uğurla davam etdirirsiniz. Ağdamlılar hər zaman Sizinlədirlər. Allah Sizi xəta və bəladan qorusun!”.
Neftçala rayonunun Aşağı Surra kəndinin sakini Zəhra Quluzadə: “Əziz Prezidentimiz, bu məktubu Sizə Neftçala rayonu Z.Əsgərov adına Aşağı Surra kənd tam orta məktəbinin 1-ci sinif şagirdi Quluzadə Zəhra yazır. Sizə təşəkkür edirik ki, bu çətin günlərdə belə biz uşaqları yaddan çıxarmır, qayğımıza qalırsınız. Atam deyir ki, güclü liderimiz var, bizi bu bəladan qurtaracaq və biz yenə də həmişəki kimi firavan yaşayacağıq. Biz də Sizin tapşırığınızı yerinə yetirib evdə qalır və dərslərimizi oxuyuruq. Sizin sayənizdə bu xəstəliyə tezliklə qalib gələrək, yenidən məktəbə qayıdacağımıza inanırıq. Allah Sizi qorusun!. Sizi çox istəyirik”.
Şamaxı rayonunun Quşçu kəndindən Kərim Gülalıyev: “Möhtərəm cənab Prezident, mən bir ağsaqqal kimi Sizin və Mehriban xanımın ölkəmiz qarşısındakı xidmətlərinizi yüksək qiymətləndirirəm. Sizin tapşırığınızla Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın, eyni zamanda, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, uzaqgörənliklə başlatdığınız və birbaşa rəhbərliyinizlə həyata keçirilən tədbirlər nəticəsində, şükürlər olsun ki, pandemiya ölkəmiz üçün faciəvi nəticələrə gətirib çıxarmadı. Ürəkdən inanıram ki, həyata keçirdiyiniz tədbirlər sayəsində xalqımız tezliklə bu ağır xəstəlikdən ən az itki ilə qurtulacaq. Bütün bu diqqət, qayğı və dəstəyə görə bir daha Sizə dərin minnətdarlığımı bildirirəm”.
Siyəzən rayonunundan Bəxtiyar Seyidov: “Cənab Prezident, məlum olduğu kimi, dünyanı bürüyən koronavirus pandemiyası bir çox inkişaf etmiş ölkələrdə qarşısıalınmaz təhlükəyə çevrilib. Bu virus səbəbindən on minlərlə insan həyatını itirib. Təəssüflər olsun ki, virus bizim ölkəyə də gəlib çatıb və bizdə də həyatını itirənlər var. Möhtərəm cənab Prezident, Sizin uzaqgörənliyiniz və qabaqlayıcı tədbirləriniz sayəsində ölkəmizdə virusun kütləvi şəkildə yayılmasının qarşısı alınıb və xəstəlik nəzarət altında saxlanılır. Əhalini virus təhlükəsindən qorumaq üçün ölkədə xüsusi karantin rejimi elan olundu, dezinfeksiya işləri aparıldı, səhiyyə sistemində gücləndirilmiş iş rejiminə start verildi, həkimlərin maaşı artırıldı. Bundan əlavə, insanların evdə qalması ilə əlaqədar yarana biləcək digər problem bir qrup insanın sosial rifahı ilə bağlı idi. Lakin bu problemi də tez bir zamanda həll etdiniz. Siz 600 min ailəyə 190 manat birdəfəlik ödənişin edilməsi ilə bağlı göstəriş verdiyiniz. Bundan əlavə, Sizin təşəbbüsünüzlə başladılmış yardım kampaniyasına ölkənin hər yerindən iş adamları da qoşularaq insanlara bu çətin durumda dəstək oldular. Möhtərəm Prezidentimiz, bütün bu tədbirlər göstərir ki, Siz daim Azərbaycan xalqının yanındasınız və ölkəmizi yarana biləcək hər bir təhlükədən qorumaq iqtidarındasınız. Biz Sizinlə fəxr edirik”.
Quba rayonunun Rustov kənd sakini Aynur Mövlanova: “Cənab Prezidentimiz, mən Quba rayonunun Rustov kəndində ibtidai sinif müəllimi işləyirəm. Hər şeydən əvvəl demək istəyirəm ki, Sizinlə hər zaman qürur duyur, fəxr edirəm. Dünyada COVID-19 pandemiyasının tüğyan etdiyi bir zamanda ölkəmizdə bu virusun yayılmasının qarşısını almaq, əhalinin sağlamlığını qorumaq üçün gördüyünüz işlərinizi dəstəkləyir, buna görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin uzaqgörən siyasətiniz, xalqa olan diqqət və qayğınız, koronavirus pandemiyasına qarşı mübarizə üçün əvvəlcədən qəbul etdiyiniz qərarlar sayəsində itkilərimiz başqa ölkələrlə müqayisədə dəfələrlə azdır. Məhz bu işlərinizin nəticəsində xalqımız rahat yaşayır. Biz ürəkdən inanırıq ki, ölkəmizi və xalqımızı bu çətin imtahandan da uğurla çıxaracaq, gözəl və uğurlu gələcəyə aparacaqsınız. Sizə cansağlığı və fəaliyyətinizdə davamlı uğurlar arzulayıram”.
Şəki rayonunun Kiçik Dəhnə kəndindən Mikayıl Qeybullayev: “Hörmətli cənab Prezident, COVID-19 pandemiyasının tüğyan etdiyi, neftin qiymətinin aşağı düşdüyü, dünya iqtisadiyyatının çökdüyü bir zamanda biz - Şəki rayonunun Kiçik Dəhnə kəndinin ziyalıları Sizin yanınızdayıq. Uzaqgörənliyiniz, Vətənə sevginiz sayəsində Siz həmişə xalqın yanında oldunuz, həm maddi, həm də mənəvi dəstəyiniz nəticəsində ölkəni bu ağır vəziyyətdən çıxara bildiniz. Dünyanın ən inkişaf etmiş, qüdrətli hesab edilən dövlətləri bunu bacarmadılar. Cənab Prezident, belə bir çətin zamanda Azərbaycan xalqı öz liderinin - Sizin arxanızca getdi. Siz məhz uzaqgörən siyasətiniz, möhkəm iradəniz nəticəsində uğur qazana bildiniz. Ona görə Siz bizim üçün ən müdrik lider olaraq qalacaqsınız. Bu ağır günlərdə bir lider, bir dövlət başçısı olaraq xalqımıza dayaq durduğunuz, kömək göstərdiyiniz, bizi bu pandemiyadan xilas etdiyiniz üçün Sizə təşəkkürümüzü və minnətdarlığımızı bildiririk”.
Kürdəmir rayonunun Sor-Şor kəndinin sakini Kərim Kərimov: “Hörmətli cənab İlham Əliyev, bu gün dünyanı iflic vəziyyətinə salan koronavirus pandemiyası bir çox ölkələrdə xof və qorxu yaradıb. Amma rayonumuzun sakinləri adından deyə biləm ki, məhz Sizin sayənizdə biz bu qorxunu yaşamırıq. Biz Sizə güvənirik, Sizə arxayınıq. Heç vaxt xalqını çətin vəziyyətdə qoymayan, ən sadə vətəndaşını düşünən və qayğısına qalan Prezidentimizə inanırıq. Siz ölkəmizin vətəndaşlarına daim həm maddi, həm də mənəvi dayaq olmusunuz. Ulu öndərimiz Heydər Əliyev də, Siz də daim xalqımızın xilaskarısınız. Sizin “Biz birlikdə güclüyük”, “Biz birlikdə qalib gələcəyik” çağırışlarınız bizim üçün çox əhəmiyyətlidir. Mən təqaüddə olan bir müəllim kimi pensiyaçılar adından Sizə və ailənizə dərin təşəkkürümü bildirirəm. Yaşasın, Azərbaycan! Yaşasın, bizim Prezidentimiz!”.