Azərbaycanda digər əlilliyi olan şəxslər kimi, 1986-cı ilin 26 aprelində Ukraynada Çernobıl Atom Elektrik Stansiyasında baş verən dəhşətli qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar əlilliyi olan vətəndaşların da sosial müdafiəsi istiqamətində mühüm işlər aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Unikal.org-a verilən məlumata görə, qanunvericiliyə əsasən, əlilliklərinin səbəblərinə görə həmin şəxslər  “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” əlilliyi olanlar  və “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” əlilliyi olanlar kimi iki qrup  üzrə müəyyən ediliblər. 

Hər iki qrupdan olan əlilliyi olan şəxslər əlilliyə görə aylıq müavinət (1-ci dərəcə əlilliyə görə 150 manat,  2-ci dərəcə əlilliyə görə 130 manat, 3-cü dərəcə əlilliyə görə 110 manat) və ya əlilliyə görə əmək pensiyası ilə təmin olunurlar.

Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərə isə əlilliyə görə aylıq sosial müavinət və ya əmək pensiyası ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü (1-ci dərəcə əlilliyə görə 250 manat,  2-ci dərəcə əlilliyə görə 230 manat, 3-cü dərəcə əlilliyə görə 210 manat)  də verilir. 

Bununla yanaşı, ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla və Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi olanlardan  I dərəcə əlilliyi olanlar üçün Prezidentin aylıq təqaüdü (100 manat) və 1-ci dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü (50 manat) ödənilir.