Parlamentdən TANAP razılığı
13:00 21-11-2012
İQTİSADİYYAT
Parlamentdən TANAP razılığı
Nizami Gəncəvini tacik hesab edirlər
Milli Məclisin keçirilən iclasında gündəlikdə Azərbaycanla Tacikistan arasında müəllif hüququ ilə bağlı sazişin təsdiq edilməsi müzakirəyə çıxarılarkən bir sıra maraqlı məqamlar yaşanıb. Qanunun parlamentdə təqdimatından sonra deputat Astan Şahverdiyev bildirib ki, bəzi tacik ədəbiyyatşünasları dahi Azərbaycan şairi Nizami Gəncəvini tacik şairi kimi qələmə verirlər.
Onun sözlərinə görə, bu məsələyə aydınlıq gətirilmısi vacibdir. Nizami Gəncəvinin tacik şairi olub-olmadığı barədə mübahisələrə son qomyaq lazımdır.
Daha sonra çıxış edən deputat Bəxtiyar Əliyev bildirib ki, Nizami Gəncəvinin Azərbaycan şairi olmasına heç bir şübhə yoxdur.
"Belə ki, YUNESKO-nun keçirdiyi tədbirlərd Nizami Gəncəvi Azərbaycan şairi kimi təqdim olunur. Bu heç kimdə şübhə doğurmamalıdır", -deyə millət vəkili vurğulayıb.
Tarixçi-alim, deputat Gövhər Baxşəliyeva qeyd edib ki, sovet vaxtı fars-tacik ədəbiyyatı dövrü kimi qələmə verildiyindən bütün bu anlaşılmamazlıq da oradan qaynaqlanır. Deputatın fikrincə, İranda Nizamini fars şairi adlandırsalar da, Nizami Gəncəvi farsdilli böyük Azərbaycan şairidir.
G.Baxşəliyeva elmi əsərlərdə mövcud olan plagiatlıqdan danışıb və bildirib ki, müəlliflik hüququ ilə sənəd İran İslam Respublikası ilə də bağlanmalıdır. O bildirib ki, Azərbaycanın tanınmış ədiblərindən biri Nizami Gəncəvidən sonra Əşrəf Marağayinin "Divan"ını tapıb və onu təhlil edib.
"Lakin 90-cı illərin əvvəllərində İrandan gələn alim Bayram Sadiqi azərbaycanlı alimdən həmin əsəri İranda çap etmək adı ilə götürüb və bundan sonra ondan heç bir səs-soraq çıxmayıb. Sonrada isə o, kitabı İranda öz imzası ilə çap etdirib".
Deputat qeyd edib ki, İranla müəllif hüquqları ilə bağlı rəsmi anlaşma olmadığından bu məsələ açıq qalır.
"Buna görə mən müəllif hüququ ilə bağlı məsələlərə diqqət yetirməyə çağırıram".
Deputat Aqil Abbas da qeyd edib ki, müəllif hüquqları ilə bağlı məsələ ciddidir. Millət vəkilinin sözlərinə görə, Türkiyə ilə də Azərbarbaycan arasında müəllif hüquqlarının qorunmasına dair saziş imzalanmalıdır.
"Türkiyədə Azərbaycan alimlərinin əsərləri çap olunursa, bir çox hallarda oğurluq faktları baş verir. Müəllif hüquqları ilə bağlı məsələ öz həllini tapmalıdır. Sovet dövründə hər hansı alimin kitabı başa ölkədə çıxanda həmin alimə pul ödənilirdi. Bu baxımdan Türkiyə ilə də müqavilə başlanmalıdır. Çünki biz onların, onlar da bizim hüquqlarımızı pozurlar", - deyə A.Abbas bildirib.
Deputat Musa Quliyev isə Nizami Gəncəvinin fars şairi kimi təqdim edilməsinin heç bir əsası olmadığını bildirib. O, qeyd edib ki, Gəncədə Nizaminin yubileyi zamanı keçirilən tədbirdə Taciksitanın baş nazirinin adından oxunan məktubda Nizami Gəncəvi böyük Azərbaycan şairi kimi qələmə verilib.
Qəbələ rayonu böyüdü
Milli Məclis "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" qanuna dəyişiklik edib. Dəyişiklik yeni inzibati ərazi vahidlərinin yaradılması, ləğv edilməsi, onların adlandırılması və ya adlarının dəyişdirilməsi, eləcə də sərhədlərinin müəyyənləşdirilməsi və dəyişdirilməsi ilə bağlıdır.
Qanuna edilən dəyişikliyə əsasən, şəhərlərin yaradılması mexanizmi sadələşdirilir. İndi bir neçə kənd və ya qəsəbə birləşərək şəhər yarada biləcək. Yeni yaradılan rayon inzibati ərazi vahidləri onların mərkəzi olan ərazi vahidinin adlarına, şəhər və şəhər rayonları isə onların əhatə etdikləri ərazidə mövcud ərazi vahidlərinin birinin adına uyğun olaraq adlandırılacaq.
Keçirilən iclasında "Qəbələ rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" qanun layihəsinə baxılıb. Milli Məclisin bi layihəni təsdiqləməsilə Qəbələ şəhərinin ərazisi böyüyüb. Belə ki, dəyişikliyə əsasən, Qəbələ rayonunun Soltannuxa kəndinin ərazisindən 144,97 ha və Qəbələ şəhərinə bitişik dövlət mülkiyyətində olan 1950,35 ha torpaq sahəsi bu qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq Qəbələ şəhərinin inzibati ərazisinə verilib.
İclasda Azərbaycanın Türkiyə əlaqələrinə dair sənədlərin ratifikasiyası olub.
TANAP-a razılıq verildi
Trans-Anadolu təbii qaz boru kəməri (TANAP) layihəsi ilə bağlı müzakirələrdə çıxış edən deputat Vahid Əhmədov bildirib ki, Gürcüstanda yeni hakimiyyətin yaranması ilə orada yaşayan azərbaycanlılarla, ARDNŞ-lə bağlı mənfi münasibətlərin olması barədə bir sıra yazılar gedir:
"Həmin strateji layihələr də Gürcüstandan keçir. Layihələrin reallaşacağı torpaq sahələrini pulla almaq olar. Niyə biz bu torpaq sahələrini özəlləşdirməyək? Azərbaycanın buna imkanı çatır".
Vahid Əhmədov bildirib ki, həmin torpaq sahələrini Azərbaycan dövləti almalıdır.
Milli Məclisinin vitse-spikeri Valeh Ələsgorov isə bildirib ki, Gürcüstanın guya, ARDNŞ-lə problemlərə üzləşdiyi barəsində deyilənlər yanlış fikirlərdir.
Əvvəlcə "Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında təbii qazın Türkiyə Respublikasına satışı və Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair" Saziş sənədi müzakirə olunub. Daha sonra "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair" (TANAP) saziş müzakirə olunub. Milli Məclis sənədi 102 səslə təsdiqləyib.
Sazişdə göstərilir ki, Azərbaycan Respublikası Türkiyəni ilkin olaraq "Şahdəniz"in ikinci mərhələsindən 6 milyard kubmetr təbii qazla təmin etməyi, Türkiyə tərəfi isə Azərbaycandan illik olaraq 6 milyard kubmetrə qədər ikinci mərhələ qazını satın almağa dair öhdəlik götürüblər. Bu sazişə əsasən, Azərbaycandan Türkiyəyə nəql edilən qaz Türkiyə tərəfindən üçüncü ölkələrə ixrac edilə bilər.
"Bu saziş Azərbaycan qazının Avropaya çıxarılması üçün mühüm addımdır", - deyə V. Ələsgərov bildirib. Daha sonra vitse-spiker deyib ki, qaz Azərbaycanın təbii sərvəti olduğuna görə, bu qazın satışı ilə bağlı digər məsələlərin tənzimlənməsində Azərbaycan nəzarət hüququnu saxlayır.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53