Karantin rejimi ilə əlaqədar Bakı şəhərinin küçə və prospektlərində nəqliyyat sıxlığının olmamasını və bir çox ictimai iaşə obyektlərinin fəaliyyət göstərməməsini nəzərə alaraq, 21 mart 2020-ci il tarixindən dayanma-durma və parklanma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərinin icrası müvəqqəti olaraq dayandırılıb. Bu addımın həm də karantin rejimi günlərində şəhər sakinlərinə dəstək nümayiş etdirmək məqsədi ilə atılıb.
Bu barədə Unikal.org -a məlumat verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, 27 apreldən karantin rejiminin yumuşaldılması eləcə də, bəzi xidmət və iş yerlərinin fəaliyyətinin bərpa olunması ilə küçələrdə nəqliyyat vasitələrinin və piyadaların intensivliyinin artması müşahidə olunmaqdadır:
“Nəticədə bəzi ərazilərdə dayanma-durma və parklanma qaydalarının pozulması avtomobillərin, eyni zamanda piyadaların hərəkətində maneələr yaradır, bəzi hallarda isə nəqliyyat sıxlığına gətirib çıxarır.
Mövcud vəziyyət müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalına da mənfi təsir etməkdədir. Eyni zamanda bu hal sms vasitəsi ilə hərəkət icazəsi alan vətəndaşların da lüzumsuz yerə vaxt itirmələrinə səbəb olur.
Qeyd olunanları nəzərə alaraq, 1 may 2020-ci ildən etibarən Agentlik tərəfindən dayanma-durma və parklanma qaydalarının pozulması nəticəsində problemlər müşahidə olunan ərazilər nəzarətə götürüləcək və inzibati xəta törədən sürücülərə qarşı müvafiq tədbirlər görüləcək”.
BNA rəsmisi bir daha sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə, nəqliyyat vasitəsini idarə edərkən digər hərəkət iştirakçılarına qarşı anlayışlı olmağa dəvət edir.