Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) distant ali təhsil sahəsində qlobal müzakirələrə qoşulmaq və yeni ali təhsil modelinə müvafiq töhfələr vermək məqsədilə distant ali təhsillə bağlı hər il keçirilməsi nəzərdə tutulan Beynəlxalq Foruma start verir.
Unikal.org xəbər verir ki, ilk onlayn forum may ayının 1-də saat 16:00-da keçiriləcək. Forumun moderatoru UNEC-in rektoru, professor Ədalət Muradov olacaq. Almaniya, Türkiyə, Kanada, İngiltərə və ABŞ-da yaşayan azərbaycanlı alimlərin bir platformada toplaşdığı onlayn forum azərbaycan dilində aparılacaq. Dünyanın aparıcı ali təhsil müəssisələrində fəaliyyət göstərən azərbaycanlı alimlərimiz distant təhsillə bağlı öz dəyərli mülahizələrini forumda bölüşəcəklər.
Distant ali təhsillə maraqlanan hər bir şəxs Forumda iştirak edə bilər.
Onlayn forumu UNEC-in rəsmi Facebook (facebook.com/uneceduaz) səhifəsindən, Youtube (youtube.com/unecofficial) kanalından və unec.edu.az saytından canlı izləmək və suallar ünvanlamaq mümkün olacaq.
Forumda çıxış edəcək alimləri və onların məruzələrinin mövzularını təqdim edirik:
Prof. Məsud Əfəndiyev, Münhen Texniki Universiteti, Almaniya -“Fürsət və riskləri ilə distant ali təhsil; mühazirə, seminar və qiymətləndirmə”.
Prof. İsmixan Bayramoğlu, İzmir İqtisad Universiteti, Türkiyə - “Distant ali təhsil modelində keyfiyyət və texnoloji infrastrukturun əhəmiyyəti haqqında”.
Prof. İlham Axundov, Vaterlo Universiteti, Kanada- “Distant ali təhsilin yaratdığı üstünlüklər və problemlər”.
Prof. Nigar Həşimzadə, Durham Universiteti, Birləşmiş Krallıq- “Onlayn tədris: Birləşmiş Krallıq Açıq Universitetinin təcrübəsi əsasında”.
PhD. Abbas Abbasov, Kolumbiya Universiteti, ABŞ – “Distant ali təhsilin təşkili və keyfiyyətinin ölçülməsi”.