Karantin dövründə aliment kimi ödənişlərin ödənilməsi vacib məsələdir.
Unikal.org xəbər verir ki, bunu “Pandemiya dövründə ədliyyəyə əlçatanlıq” mövzusunda onlayn mətbuat konfransında Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə bildirib.
A.Səmədzadə qeyd edib ki, bu ödənişlərin gecikdirilməməsi üçün Ədliyyə Nazirliyi tərəfindən müvafiq işlər həyata keçirilib. Bunun üçün elektron sistemin imkanlarından istifadə edilib: “Ona görə də biz “ASAN ödəniş” və bir çox tətbiqlərdə borcların, o cümlədən alimentlərin ödənilməsinin elektron qaydada həyata keçirilməsi üçün şərait yaratmışıq. Vətəndaşlar evdən çıxmadan bütün ədliyyə xidmətlərindən istifadə edə bilərlər. Hər hansısa səbəbdən nağdsız ödəniş edə bilməyənlər respublika ərazisində yerləşdirilən çoxsaylı ödəniş terminalları vasitəsilə borcları ödəmək imkanı qazanır. Bununla yanaşı, bilirsiniz ki, aliment ödənişi və digər borcu ödəməyən şəxslərin ölkədən çıxmasına qadağa qoyulur. Bu müddət ərzində həmin şəxslər onlayn ödəmə vasitəsilə alimenti evindən ödəməklə ölkədən çıxmasına qoyulan qadağanı götürülməsinə nail ola biləcək. Vətəndaş borcu ödəyən kimi biz dərhal bu barədə müvafiq məlumat ötürəcəyik və şəxsin ölkədən çıxışına qoyulan qadağa götürüləcək”.