Putin dönəmi Azərbaycana “sürprizilər” vəd edir?
13:05 21-11-2012
CƏMİYYƏT
Putin dönəmi Azərbaycana “sürprizilər” vəd edir?
Elxan Şahinoğlu: “Rusiya Azərbaycanın şimalında separatçılığa dəstək verərsə, bu əks effekt verə bilər”
Rusiya prezidenti Vladimir Putinin ikinci hakimiyyət dönəmi Azərbaycan üçün ciddi və xoşagəlməz sürprizlərlə başlandı və bu siyahı sürətlə yeni-yeni faktlarla zənginləşməkdədir. Politoloqların bu barədə fikirləri yekdildir. Putin istəyir ki, 1) Azərbaycanda qeyb etdiyi mövqeləri tam şəkildə geri qaytarsın; 2) 21 il öncə dağılmış SSRİ-ni modernləşdirilmiş formada bərpa etsin.
Amma ekspertlər bir məsələdə də yekdildirlər: hazırkı mərhələdə Rusiyanın hədəfindəki əsas ölkə Azərbaycandır və bunun da bır sıra mühüm səbəbləri var. Səbəblərdən ən önəmlisi hakimiyyətdə kimin olmasından asılı omayaraq Azərbaycanın prinsipial şəkildə Qərbə inteqrasiya olunmaq kursu götürməsi və bunu balanslı şəkildə gerçəkləşdirməsidir. Təbii ki, bu ardıcıllıq Rusiyanı ciddi şəkildə narahat etməkdədir.
“Atlas” Siyasi Araşdırmalar Mərkəzi bu mənzərəyə ictimai rəy baxımından tam aydınlıq gətirmək üçün Rusiya-Azərbaycan münasibətlərinin ümumi spektrinə dair 500 respondent arasında sorğu keçirib.
Sorğuda “Rusiya prezidenti Vladimir Putinin Azərbaycana təzyiq etdiyini düşünürsünüzmü” sualına respondentlərin 76 faizi “bəli”, 24 faizi “xeyr” cavabı verib.
“Putin administrasiyası Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlıdırmı” sualına respondentlərin 83 faizi “xeyr”, cəmi 17 faizi “bəli” cavabı verib.
Sorğunun üçüncü “Azərbaycan Qəbələ RLS bağlı Rusiya ilə yeni saziş imzalamasa nə baş verə bilər” sualına aşağıdakı cavablar verilib:
- “Rusiyanın Azərbaycana təzyiqi bir az artacaq” (64 faiz);
- “Rusiya stansiyanın fəaliyyətinin dayandırılmasına görə Azərbaycana əlavə problem yaratmayacaq” (17 faiz);
- “Rusiya stansiyanın fəaliyyətinin dayandırılması qarşılığında Qəbələdə digər ölkənin radiolakasiya stansiyasının yerləşdirilməyəcəyinə dair Azərbaycandan təminat almağa çalışacaq” (19 faiz).
“Rusiya Azərbaycanda 2013-cü ildə keçiriləcək prezident seçkisinə təsir etmək istəyəcəkmi” sualına respondentlərin cavabı bu şəkildə bölünüb: “təsir etməyə çalışacaq” (72 faiz), “təsir edə bilməyəcək” (19 faiz), “bu məsələdə Qərb ölkələri ilə razılaşdırılmış siyasət həyata keçirəcək” (9 faiz).
“Moskvada təsis edilən və azərbaycanlı iş adamlarından formalaşan “milyarderlər klubunun” məqsədi nədir” sualına aşağıdakı cavablar verilib:
- “Məqsəd Kremlin Azərbaycanla bağlı maraqlarını təmin etmək” (63 faiz);
- “Rusiyadakı azərbaycanlılara yardım etmək, onların problemlərini həll etmək” (17 faiz);
- “Azərbaycanda ədalətli idarəetmə sistem qurmaq” (14 faiz);
- “Prezident seçkisi qabağı ətrafını mənfi imicli simalardan təmizləməkdə İlham Əliyevə yardımçı olmaq” (6 faiz).
Sorğunun sonuncu sualı belədir: “Rusiya Azərbaycana qarşı təzyiq qərarına gələrsə, hansı alətlərdən istifadə edə bilər”. Cavablar aşağıdakı şəkildədir:
- “Ermənistana daha çox silah ötürəcək” (47 faiz);
- “Milyarderlər klubunu” fəallaşdıracaq” (22 faiz);
- “Cəbhə bölgəsində müxtəlif təxribatlar törədəcək” (16 faiz);
- “Rusiyadakı azərbaycanlıları deportasiya edəcək” (12 faiz)”
- “Azərbaycanın şimal bölgəsində separatçılıq ocaqları yaradacaq” (3 faiz).
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu sorğunun nəticələrini şərh edərək, Azərbaycan vətəndaşlarının əksəriyyətinin Rusiya hakimiyyətinin Azərbaycana yönəlik siyasətinin dəyişdiyini düşündüyünü bildirib: “Vladimir Putin hakimiyyətə gəldikdən sonra Rusiya-Azərbaycan münasibətlərində soyuqluğun yaşandığını keçirdiyimiz sorğunun nəticələri də əyani göstərir. Keçmiş prezident Dmitri Medvedevdən fərqli olaraq Putinin Dağlıq Qarabağ münaqişəsinin həllinə də həvəsi yoxdur. Sorğunun nəticələri həm də onu göstərir ki, Moskvada “milyarderlər klubunun” formalaşdırılması ilə yanaşı separatçı “Sadval” təşkilatının yenidən fəallaşması, Moskva bazarlarının qapadılması qərarının verilməsi, Ermənistanla hərbi təlimlərin intensivliyinin artması və Ermənistan hava məkanının Rusiya hərbi təyyarələri tərəfindən qorunması kimi addımların üst-üstə düşməsini Azərbaycan vətəndaşları təsadüfi saymırlar”.
Elxan Şahinoğlu sorğunun sonuncu sualında Rusiyanın Azərbaycanın şimal bölgəsində separatçılıq ocaqları yarada biləcəyini respondentlərin ən aşağı faizlə cavab verməsini isə onunla əlaqələndirib ki, Kremlin belə bir siyasətə baş vurması bumeranq effekti verə bilər: “Rusiya Azərbaycanın şimalında separatçılığa dəstək verərsə, bu əks effekt verə bilər, Rusiyanın onsuz da qeyri-sabit Şimali Qafqazdakı problemlərini artırar. Görünür, bunu sorğuya qatılan respondentlər də anlayır”.
Natiq
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27