Azərbaycanın sədrliyi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın, eləcə də müşahidəçi dövlət Macarıstanın nəqliyyat sahəsi üzrə məsul şəxsləri arasında videokonfrans keçirilib.
Unikal.org xəbər verir ki, videokonfransda Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, Qırğızıstanın Nəqliyyat və Yollar Nazirliyinin Dövlət katibi Ermek Mamırkaliyev, Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismayıloğlu, Özbəkistanın Nəqliyyat naziri Elyor Qəniyev, Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin Nəqliyyat Komitəsinin sədri Samat Qilimov, Macarıstanın İnnovasiyalar və Texnologiya Nazirliyinin Nəqliyyat Siyasəti üzrə Dövlət naziri Laslo Mosokzı və Türk Şurasının Baş katibi Bağdad Amreyev iştirak ediblər.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da keçirilən videokonfransda Türk Şurasının fövqəladə Zirvə görüşünün Yekun Bəyannaməsində pandemiya dövründə ölkələrimiz arasında daşımaların davamlılığının təmin edilməsi üçün müvafiq addımların atılmasının vacibliyinin qeyd olunduğunu bildirib. Eyni zamanda, yük nəqliyyat vasitələrinin sərhədlərdən keçmə prosedurlarının sadələşdirilməsi və bu sahədə yaranan problemlər barədə məlumat mübadiləsinin aparılmasının dövlət və hökumət başçıları tərəfindən zəruri hesab olunduğunu diqqətə çatdırıb.
Hazırda Türk Şurasına üzv ölkələr arasında bütün sahələrdə, o cümlədən nəqliyyat sahəsində də əlaqələrin yüksək səviyyədə qurulduğunu qeyd edən nazir həssas dönəmdə səmərəli yükdaşımalarının təşkili, çətinliklərə qarşı birgə effektiv tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
Nazir Ramin Quluzadə Azərbaycan ərazisində koronavirusun yayılmasının qarşısını almaq məqsədilə sahə üzrə beynəlxalq təcrübəyə əsasən həyata keçirilən işlərdən danışıb: “Ölkənin bütün sərhədləri sərnişindaşımalarına bağlanıb. Xarici ölkələrdə olan 15 mindən artıq vətəndaşımız çarter təyyarə reysləri ilə ölkəyə gətirilib. Ölkədə şəhərlərarası, rayonlararası nəqliyyatın və Bakı Metropoliteninin fəaliyyəti tam dayandırılıb”.
Nazir, həmçinin deyib ki, qonşu dövlətlərlə hava və quru nəqliyyatı vasitəsilə sərnişindaşımalarının dayandırılmasına baxmayaraq beynəlxalq yükdaşımalarının həyata keçirilməsinə ölkəmizdə heç bir məhdudiyyət qoyulmayıb. Ölkədə sərhəd-keçid məntəqələri 24 saatlıq iş rejimində fəaliyyət göstərir və avtomobil nəqliyyatı vasitəsilə yükdaşımaları üçün daim açıqdır.
Çıxışının davamında nazir Ramin Quluzadə bildirib ki, cari ilin I rübündə Azərbaycan Respublikasının ərazisindən 52 min 405 ədəd, o cümlədən tranzit olaraq 20 min 819 ədəd xarici ölkələrin nəqliyyat vasitələri ikitərəfli və Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli icazələri ilə sərhəddə icazə almaqla beynəlxalq avtomobil daşımalarını yerinə yetirib. “Statistik məlumatların müqayisəsi göstərir ki, bu ilin I rübündə ötən ilin müvafiq dövrünə nisbətən Azərbaycan Respublikasının ərazisindən beynəlxalq avtomobil daşımalarını yerinə yetirən xarici ölkələrin nəqliyyat vasitələrinin sayı 24 faiz, tranzit daşımaların sayı isə 32 faiz artıb”.
Xəzər dənizi üzərindən Qazaxıstan və Türkmənistan istiqamətində yük maşınları və konteyner daşımalarının həyata keçirilməsinin davam etdirildiyini qeyd edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə ölkəmizin dəniz nəqliyyatı sahəsində qoşulduğu beynəlxalq konvensiyalarda və yerli qanunvericilikdə nəzərdə tutulan, vaxtı bitmiş şəhadətnamələrin və müvafiq yoxlamaların müddətinin 01 iyul 2020-ci il tarixinədək artırıldığını söyləyib.
“Eyni zamanda, respublikanın bütün beynəlxalq hava limanlarında yük aviadaşımaları üçün məhdudiyyətlər aradan qaldırılıb və hazırda təcili yük reysləri də daxil olmaqla bütün zəruri səlahiyyət və icazələr dərhal təqdim olunur. Azərbaycan Respublikasının aviasiya personalının sertifikat və icazələrinin qüvvəsinin uzadılması, həmçinin xarici dövlətlərin aviasiya administrasiyaları tərəfindən qüvvəsi uzadılmış sertifikatların müvəqqəti tanınması barədə qərar qəbul edilib”, – deyə Ramin Quluzadə vurğulayıb.
Nazir, həmçinin qeyd edib ki, Azərbaycan ölkənin tranzit potensialının və yük axınlarının artırılması məqsədilə hələ pandemiyadan öncəki dövrdə daşımalara və tranzit keçid haqlarına əlavə güzəştlər tətbiq edib, digər müvafiq tədbirlər görüb. Bu güzəştlər Türk Şurasına üzv ölkələrin daşıyıcıları üçün nəqliyyat əməliyyatlarının sadələşdirilməsi və daşıma xərclərinin azaldılması baxımından əhəmiyyətlidir. Bu səbəbdən Avropadan Asiya istiqamətində hərəkət edən daşıyıcılar üçün Xəzər dənizi üzərindən keçən marşrutun
üstünlüklərindən davamlı şəkildə istifadənin nəzərdən keçirilməsi mövcud yük axınının daha da artmasına öz töhfəsini vermiş olar.
Videokonfransın gedişində “COVID-19” pandemiyasının yaratdığı məhdudiyyət şəraitində tərəflər arasında nəqliyyat əməliyyatlarının mövcud vəziyyəti müzakirə edilib.
Eyni zamanda, pandemiya dövründə Trans-Xəzər Dəhlizi boyunca zəruri malların – ərzaq məhsulları, dərman və tibbi ləvazimatların maneəsiz daşınmasının və təchizat zəncirinin kəsintisiz fəaliyyətinin təmin edilməsi üçün lazımi praktik tədbirlərin müzakirəsi aparılıb.
Qeyd olunan praktik tədbirlərə, yükdaşımalarının asanlaşdırılması istiqamətində üzv ölkələr tərəfindən müvafiq tədbirlərin görülməsi, eyni zamanda humanitar mallar, zəruri istehlak malları, dərman və tibbi ləvazimatları daşıyan yük maşınlarının sərhədlər/nəzarət məntəqələrindən keçidinin asanlaşdırılması üçün praktik köməklik göstərilməsi və bu sahədə yarana biləcək problemlərlə bağlı informasiya mübadiləsinin aparılması daxildir. Eyni zamanda, pandemiya dövründə yarana biləcək məsələlərin çevik həlli, nəqliyyat və logistikanın effektiv əlaqələndirilməsi üçün tərəflərin nəqliyyata məsul nazirlikləri arasında operativ işçi qrupun yaradılması, Trans-Xəzər Dəhlizi boyunca tərəflər arasında təmassız xarici ticarət və multimodal nəqliyyat sistemlərinin inkişaf etdirilməsi də praktik tədbirlər sırasında yer alır.
Həmçinin post-pandemiya dövründə tərəflər arasında gələcək əməkdaşlıq üzrə müxtəlif təkliflər səsləndirilib.
Türkiyə tərəfi rəqabətədavamlı və ortaq tariflərin tətbiq olunması ilə bağlı əməkdaşlığın inkişaf etdirilməsi təklifi ilə çıxış edib.
Özbəkistan tərəfi isə “Daşkənd-Karakalpakiya-Aktau-Bakı-Tbilisi-Qars-İstanbul multimodal nəqliyyat dəhlizinin işə salınması və birgə istifadəsini, həmçinin pandemiyanın yaratdığı məhdudiyyətləri nəzərə alaraq, Türk Şurası çərçivəsində ərzaq, tibb məhsulları və digər zəruri malların tranzit daşımalarında “yaşıl dəhlizlər”in effektivliyinin artırılması üçün əlavə tədbirlərin görülməsini təklif edib.
Videokonfransın sonunda yekin nitqi ilə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə birgə əməkdaşlıq nəticəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr arasında səmərəli yükdaşımalarının daha effektiv şəkildə təşkilinin təmin ediləcəyinə, bu tədbirlərin pandemiya ilə mübarizədə öz töhfəsini verəcəyinə və ondan sonrakı dövrlərdə də ölkələrin rifahına xidmət edəcəyinə əminliyini ifadə edib.
Görüşün gündəliyində öz əksini tapan məsələlərlə bağlı müzakirələrin nəticəsi Türk Şurası Katibliyi tərəfindən ümumiləşdirilərək üzv dövlətlərə göndərilməsi və üzv ölkələrin müvafiq qurumları tərəfindən bununla bağlı lazımi tədbirlərin görülməsi üçün nəzərdən keçirərək öz məlumatlarını və təkliflərini təqdim etməsi razılaşdırılıb.