Azərbaycanda hər kəs bilməlidir ki, pandemiya hələ bitməyib.

Unikal.org-un məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, insanlar yenə də sanitar-gigiyenik qaydalara ciddi əməl etməlidirlər ki, yoluxma sayı çox olmasın.

ÜST rəsmisi bildirib ki, ciddi karantin rejimi iqtisadi fəaliyyətə də çox mənfi təsir edir: "ÜST-ün hazırda əsas tövsiyələri sağlamlığın qorunması ilə bağlıdır. Virusdan qorunmaq üçün insanlar arasında məsafənin qorunması, sıxlıq olan yerlərdən uzaq olmaq vacibdir".

H.Harmancı əlavə edib ki, Azərbaycan pandemiyaya qarşı qlobal mübarizəyə dəstək göstərən ölkələrdəndir.

Onun sözlərinə görə, əgər pandemiyanın qarşısının alınması üçün gördüyümüz tədbirlər səmərəsiz olsa, ikidən də çox dalğa olacaq:

“İkinci dalğa birinci dalğada xəstələnməyən insanların yoluxması nəticəsində ortaya çıxa bilər. Bu dalğalar yavaş-yavaş, kiçik halda yaranarsa, səhiyyə sistemi onların öhdəsindən gələ bilər. 2-ci, 3-cü dalğa məsələsindən qorxmayın. Ən önəmli olan məsələ budur ki, özümüzü qoruyaq, virusun insandan insana keçməsinin qarşısını alaq”.