Mayın 2-də Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov inzibati ərazi dairə nümayəndələri ilə koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin səmərəliliyinin artırılması və kənd təsərrüfatı işlərinin gedişi ilə bağlı növbəti videokonfrans keçirib.
Unikal.org xəbər verir ki, videokonfransda çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov dünyada sürətlə yayılan koronavirus pandemiyasından ölkə əhalisinin qorunması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə görülən təxirəsalınmaz tədbirlərdən danışıb. Həmçinin tətbiq olunan gücləndirilmiş karantin rejimi şəraitində Kürdəmir rayonunda da aparılan tibbi-profilaktik və dezinfeksiya tədbirlərindən, tənha ahıl insanlara, aztəminatlı ailələrə göstərilən qayğıdan bəhs edib. Vurğulayıb ki, Heydər Əliyev Fondu və “Regional İnkişaf” İctimai Birliyin həyata keçirdiyi “Biz birlikdə güclüyük” layihəsi çərçivəsində Kürdəmir rayonunda 1500-dən çox aztəminatlı və digər həssas kateqoriyadan olan ailələrə sovqatlar paylanılıb. Bundan əlavə Kürdəmir Rayon İcra Hakimiyyəti, ayrı-ayrı sahibkarlar, o cümlədən rayonun hüquq mühafizə orqanları, digər vəzifəli şəxslər və xeyirxah vətəndaşlar tərəfindən ehtiyacı olan ailələrin evlərinə yardım payları çatdırılıb.Ceyhun Cəfərov çıxışında xüsusi karantin rejimində məhdudiyyətlərin bir qisminin yumşaldılması barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarından irəli gələn məsələlərə toxunaraq, yeni qaydaların inzibati ərazi dairələrində əhaliyə çatdırılmasını bildirdi. Həmçinin rayonda koronavirus infeksiyasına qarşı aparılan mübarizə tədbirlərinin səmərəliliyinin artırılması, vətəndaşlar tərəfindən xüsusi karantin rejiminə riayət olunması, xüsusi qayğıya ehtiyacı olan vətəndaşların daim diqqətdə saxlanılması, eyni zamanda kənd təsərrüfatı sahəsində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələrini verdi.
Videokonfransda rayonda kənd təsərrüfatı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən də danışılıb. Ceyhun Cəfərov vurğulayıb ki, bir neçə ildir Kürdəmir rayonunda ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın bərpasına başlanılıb. 2016-cı ildə rayonda 3,6 ton, 2017-ci ildə 11,5 ton, 2018-ci ildə 20,4 ton, 2019-cu ildə 22,6 ton barama istehsal olunub. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2019-cu illərdə rayon ərazisində 260 mindən çox tut tingi əkilib. Cari mövsümdə rayonumuza Qax Damazlıq İpəkçilik Stansiyasından 800 qutu ipəkqurdu toxumu gətirilərək baramaçılıqla məşğul olmaq istəyən 320-dən çox ailəyə paylanılıb. Bu il də yüksək məhsul əldə etmək üçün kümçülərə lazımi köməkliklər göstərilməsinin və ipəkqurdunun sağlam şəraitdə bəslənilməsi üçün müvafiq tədbirlərin görülməsinin zəruri olduğunu diqqətə çatdırıb.