"Ümumilikdə müraciətlərin e-sistem tərəfindən təhlili zamanı müraciət edənlər sırasında nazirliyin "Əmək müqaviləsi bildirişi” altsistemindən alınmış məlumat əsasında 320 min şəxsin adına aktiv əmək müqaviləsi bildirişi olduğu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq informasiya bazasından alınmış məlumatlar əsasında 170 min şəxsin adına aktiv VÖEN olduğu, Əmlak Məsələləri Dövlət Xidmətinin informasiya bazasından əldə edilmiş məlumatlar əsasında 20 min şəxsin adına iki və daha çox daşınmaz əmlakı, Daxili İşlər Nazirliyinin müvafiq informasiya bazasından əldə edilmiş məlumatlar əsasında 19 min 200 şəxsin adında 2 və daha çox avtomobil olduğu və sair müəyyən edilərək onlara birdəfəlik ödəmə verilməsindən imtina edildi".
Unikal.org xəbər verir ki, nazir “Azərbaycan” qəzetinə müsahibəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev bildirib.
"Habelə müvafiq qurumların informasiya bazalarına istinad edilməklə 41 min müraciətin hazırda xarici ölkələrdə yaşayan şəxslər, 65 min şəxsin isə həyat yoldaşının birdəfəlik ödəmə üçün artıq müraciət edərək bu ödəmə ilə təmin edildiyi məlum oldu. Bundan əlavə, müraciətlər zamanı çox sayda səhv məlumatların, həmçinin bəzi şəxslər tərəfindən vəfat etmiş həyat yoldaşı ilə bağlı məlumat xanasına səhvən övladının FİN məlumatlarını və ya yanlış olan FİN məlumatları daxil edildiyi və sair müəyyən olundu. Bütün bu şəxslərə birdəfəlik ödəmə verilməsindən imtina edildi və onlara göndərilən mesajda imtinanın səbəbi göstərildi.
Yeri gəlmişkən qeyd edim ki, digər qurumların elektron informasiya sistemləri ilə işləyən əməkdaşları bu işlərdə birgə-əlaqəli fəaliyyət müstəvisində bəzən günün 24 saatını işlədilər. Fürsət düşmüşkən onlara minnətdarlığımızı bildiririk".