Məleykə Abbaszadə kimləri "vurdu"?
13:00 22-11-2012
CƏMİYYƏT
Məleykə Abbaszadə kimləri "vurdu"?
TQDK sədri testin ləğvi söhbətlərinə nöqtə qoydu
Təxminən iki ay əvvəl mətbuatın gündəminə belə bir mövzu oturdu: Azərbaycanda test üsulu ilə qəbul imtahanları ləğv edilə bilər.
Ciddi ajiotaj yaradan və cəmiyyətin böyük hissəsindən təpki alan bu məsələ isə ortaya havadan çıxmamışdı: məlumatlarda bildirilirdi ki, Milli Məclisin payız sessiyasının müzakirəsinə "Ali təhsil haqqında" Qanun layihəsi də çıxarılmalıdır. Sənədin bir sıra müddəaları isə kifayət qədər ciddi mətləblərdən xəbər verir. Belə ki, yeniliklər arasında qəbul imtahanlarındakı test üsulunun ləğvi, yaxud yarıtest
üsulunun tətbiqinin təklif olunduğu barədə müddəanın da yer aldığı deyilirdi.
İddialara görə, yeni qanunda ali təhsil müəssisələrinə daxil olmaq üçün hazırda istifadə olunan və cəmiyyət tərəfindən birmənalı şəkildə müdafiə edilən test imtahanlarının məzmunu dəyişdiriləcək. Layihəyə əsasən, universitetə daxil olmaq istəyənlər müəllimlərlə dialoq şəklində (müsabiqə) sualları cavablandırmalı olacaqlar. Eyni zamanda yazılı formada da imtahan götürülməsi nəzərdə tutulur. Bütün bunlar isə əslində testdən imtina mənasını daşıyır.
Hələ məsələ yeni gündəmə gələndə mətbuat yazırdı ki, "Ali təhsil haqqında" Qanun layihəsi ətrafında fikirlər indidən haçalanıb. Elə fikir ayrılığı səbəbindən qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılması sual altındadır. Sənədin bu şəkildə cəmiyyət tərəfindən etirazla qarşılanacağı layihə təşəbbüsçülərini ehtiyatlandırır.
Maraqlıdır ki, ötən müddətdə bu mövzuda əksər ekspertlər, testin Azərbycanda tətbiqinin təşəbbüskarları və icraçıları olsa da, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu məsələdə səssiz idi. Xüsusən TQDK sədri Məleykə Abbaszadənin ötən müddətdə testin ləğvi ilə bağlı həyəcanlı müzakirələrə qatılmaması suallar yaradırdı.
Nəhayət dünən xanım Abbaszadə bu mövzuda ona ünvanlanan suala geniş bir cavab verib. O deyib: "Biz istərdik ki, hər bir insan öz arzusuna çatsın. Amma bu insanlar (testin ləğvinin təşəbbüskarlarını nəzərdə tutur - red.) kimə nə arzulayırlar? Test
üsulunun ləğvi deyəndə nəyi nəzərdə tuturlar? Konkret olaraq təşkilatın ləğvini, yoxsa mərkəzləşmiş imtahanların keçirilməsinimi? Təhsil sahəsində olan problemləri həll etmək üçünmü bunu arzulayırlar, yoxsa ayrı məqsədlərlə? Bu suallar açıq qalır. Təbii ki, biz test üsulu deyəndə çoxsaylı imtahanları nəzərdə tuturuq. Bu imtahanların formaları tədricən dəyişəcək. Mərkəzləşmiş buraxılış imtahanlarında yazı işlərindən daha çox istifadə edəcəyik. Kompyuter vasitəsilə imtahan keçirilməsini nəzərdə tuturuq. Bu, bizim gələcək planlarımızdır. Açıq testlər, müxtəlif növ yazı işlərini biz imtahanlarda təqdim etməyə hazırıq və mərhələ-mərhələ təqdim edəcəyik. Burada yalnız imtahanın forması dəyişə bilər. Amma mərkəzləşmiş qaydada eyni standartlara cavab verən, bir standartla biliyin qiymətləndirilməsi təhsil sistemi üçün çox vacib mərhələdir. Onu kiminsə istəyinə görə ləğv etmək mümkün deyil. Gəlin bu məsələləri siyasiləşdirməyək. Test pisdirsə, onda niyə ali məktəblərdə semestr imtahanlarını test üsulu ilə keçirməyə başlayıblar? Nə üçün orta məktəblərdə Təhsil Nazirliyi özü vaxtilə mərkəzləşmiş buraxılış imtahanlarını, indi isə müəllimlərin işə qəbul imtahanını testlə keçirməyə üstünlük verir? Bu suallara hər bir insan özü-özlüyündə cavab versin. Biz "Bu sahədə dünyada olan yenilikləri Azərbaycanın təhsilinə töhfə vermək üçün necə tətbiq etmək lazımdır?" kimi sualların üzərində işləyirik və bu suallara cavab axtarırıq".
Göründüyü kimi, Məleykə Abbaszadə testin ləğvi məsələsinə olduqca sərt təpki verib, eyni zamanda da yetərincə məntiqli danışıb. Onun qoyduğu suallar da çox açıqdır və əslində xüsusi cavab da
tələb etmir: hər bir sualın cavabı elə sualın özündə gizlədir. Məsələn, TQDK sədrinin əzəli rəqibi təhsil naziri Misir Mərdanovun bostanına daş ataraq dediyi sözlər, - "Nə üçün orta məktəblərdə Təhsil Nazirliyi özü vaxtilə mərkəzləşmiş buraxılış imtahanlarını, indi isə müəllimlərin işə qəbul imtahanını testlə keçirməyə üstünlük verir?", - testin ləğvini arzulayanların nə qədər arqumentsiz danışdığını bütün çılpaqlığı ilə ortaya qoyur.
Bəs Məleykə Abbaszadənin dediklərindən sonra testin ləğvi söhbətinin bağlandığını hesab etmək olarmı? Fikrimizcə, yox. Tam əksinə, biz tezliklə Məleykə Abbaszadə ilə müəyyən çevrələr (hansı ki, məlum təklifin gizli və ya aşkar təşəbbüskarları, tərəfdarlarıdırlar) arasında yeni soyuq savaşın başlandığına şahidlik edə bilərik.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50
2024-11-23 12:17:57
2024-11-23 11:53:04
2024-11-23 09:40:24
2024-11-23 09:23:00
2024-11-23 08:53:12
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00