Yeni tədris ilindən Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreyanın İnha Universiteti arasında əldə edilən razılığa uyğun olaraq ikili diplom proqramının icrasına başlanılacaq.
Unikal.org xəbər verir ki, BMU-da İnformasiya texnologiyaları, Elektronika mühəndisliyi (Telekommunikasiya mühəndisliyi, Proseslərin avtomatlaşdırılması, Kompüter mühəndisliyi ixtisaslaşmaları) Elektrik mühəndisliyi və İnşaat mühəndisliyi ixtisasları üzrə ikili diplom proqramının həyata keçirilməsi nəzərdə tutulub.
Qeyd olunan ixtisaslar üçün 100 nəfərlik qəbul planı təsdiq olunub. Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi qəbul imtahanlarında 500 baldan yuxarı nəticə göstərən tələbələr bu proqramla təhsil almaq üçün İnha Universiteti və BMU müəllimlərinin birgə təşkil etdiyi riyaziyyat, fizika və ingilis dili fənləri üzrə daxili imtahan verəcəklər.
Xatırladaq ki, cari ilin əvvəlində BMU ilə İnha Universiteti arasında anlaşma memorandumunun imzalanma mərasimi keçirilib. Sənəddə digər məsələlərlə yanaşı, ikili diplom proqramlarının təsis edilməsi məsələsinə xüsusi yer ayrılıb.
BMU-da İnha Universiteti ilə ikili diplom proqramını tədris edən professor-müəllim heyəti ABŞ-ın nüfuzlu universitetlərinin məzunlarıdır. Təhsilin ingilis dilində olmasına baxmayaraq tələbələr Koreya dilini də öyrənəcəklər. Bu məqsədlə BMU-da Koreya Dil Mərkəzinin yaradılması da planlaşdırılıb. Təhsil 3+1 formatı əsasında aparılacaq. Tələbələr 3 il BMU-da, 1 il isə Koreyada təhsil alacaqlar. Eyni zamanda, tələbələrin istehsalat təcrübəsinin Koreyanın aparıcı şirkətlərində keçirilməsi də nəzərdə tutulur. Proqram əsasında oxuyacaq tələbələrin təhsil haqlarının dövlət tərəfindən ödənilməsi nəzərdə tutulur.
Razılaşmada daha bir diqqətçəkən məqam isə magistratura təhsili ilə bağlıdır. Nəinki bu ixtisasları bitirən tələbələr, həmçinin eyni profilli ixtisaslar üzrə təhsil almaq arzusunda olanlar da İnha Universitetində magistratura təhsili almaq imkanına malik olacaqlar. Bununla yanaşı, tələbələr Cənubi Koreya Respublikasının təhsil qrantlarından da yararlana biləcəklər.
Digər vacib məqam isə tələbələrdə mühəndis yaradıcılığı və innovativ yanaşmanı formalaşdırmaq məqsədilə “Samsung Electronics Engineering Academy”nin açılması barədə razılığın əldə edilməsi olub.
İxtisasların tədris proqramları müasir tələblərə cavab verən beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilmiş amerikan kredit sisteminə uyğun tərtib olunub və Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üzrə Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” na əsasən həyata keçirilir. İxtisasların tədris planları artıq tərtib edilib, fənlərin sillabusları isə hazırlanır. Yaxın zamanlarda ixtisaslar üzrə maddi-texniki bazanın yaradılması istiqamətində lazımi didaktik materialların alınması da nəzərdə tutulub.
Xüsusi olaraq onu da vurğulayaq ki, BMU-nun müasir tələblərə cavab verən iki yataqxanası mövcuddur və proqram əsasında təhsil alacaq tələbələr yataqxana ilə təmin olunacaqlar.